Bu il müasir yanğınsöndürmə avadanlıqlarının alınması üçün üç milyon manat vəsait ayrılıb.
“Report”un Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Ağdam şəhərində keçirilən regional müşavirədə çıxış edən nazir müavini ölkədə yanğın təhlükəsizliyinə xüsusi diqqət göstərildiyi barədə müşavirə iştirakçılarına məlumat verib.
V.Kərimov çıxışında bildirib ki, çətin relyef şəraitində baş verən yanğınların nəzarətə alınması məqsədilə bir çox planlar həyata keçirilib ki, bunlardan biri də müasir yanğınsöndürmə avadanlıqlarının alınmasıdır. Bu məqsədlə 2024-cü ildə üç milyon manat vəsait ayırılıb. Ayrılan vəsaitlə yeni, müasir tələblərə cavab verən və xüsusilə, dağlıq bölgələrdə, həmçinin keçilməsi çətin olan relyeflərdə baş verən yanğınların söndürülməsi imkanlarına malik olan avadanlıqlar alınacaq.
O qeyd edib ki, ayrılan vəsait maddi-texniki bazanın yaxşılaşdırılması üçün nəzərdə tutulub:
"Meşələrin inkişafı fondundan artıq bir milyon manat ayrılması həyata keçiriləcək, növbəti dövrdə isə daha iki milyon manat istənilib. Ayrılan vəsaitlər maddi-texniki bazanın yaxşılaşdırılması üçün nəzərdə tutulub. Belə ki, həmin vəsaitlərdən keçilməz meşə yollarının çəkilməsi üçün texnikaların alınması, yüngül, amma yüksək keçicilik qabiliyyəti olan texnikaların, su daşınması üçün texnikaların alınması, müşahidə qüllələrinin və su tutalqalarının, xəbərdaredici-qadağanedici məlumat lövhələrinin hazırlanması və müəyyən tədbirlərin keçirilməsi üçün istifadə ediləcək".