“Hələ də bir çox insanlar polietilen torbalarla bağlı dəyişiklikdə maraqlı deyillər. Hətta həmin şəxslər üçün alış-veriş etdikləri yerlərdə onlara hansı qalınlıqda torba veriləcəyi də heç bir əhəmiyyət kəsb etmir. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır. Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O qeyd edib ki, həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir: “Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır”.
H.Əlizadə bildirib ki, polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq müraciətlər hazırlanır və bu aidiyyəti qurumlara göndəriləcək: “Bundan başqa vətəndaşlar üçün də müraciətlər olacaq. Eyni zamanda "Qaynar xətt" də olacaq. Vətəndaş bilməlidir ki, hansı məsələdə hansı quruma müraciət etməlidir”.