Erməni tullantıları Oxçuçayı fəlakətə çevirib
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. O cümlədən, Zəngilan rayonu ərazisindən keçən Oxuçay çirkləndirilir və çay hövzəsinin flora və faunası məhv edilir. Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb, bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Amma görünən odur ki, Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden zavodu və mis-filiz saflaşdırma kombinatının tullantıları Oxçuçaya axıdıldığından bu çay fəlakətə çevrilib. Bu isə orada istifadə olunan texnologiyaların heç bir normalara uyğun gəlməməsindən xəbər verir.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekspert Telman Zeynalov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın təbii sərvətlərini və təbiətini talan edənlər məhkəmə qarşısında cavab verməlidir:
“Heç kimə sirr deyil ki, guya demokratiya uğrunda mübarizə aparmış bir dövlət olan Almaniyanın şirkəti digər dövlətin torpağını zəbt edənlərlə əlaqə yaradıblar”.
Ərazilərimiz, meşələrimiz bütün ağır metallarla doludur
Ekspert vurğulayıb ki, Oxçuçayın tərkibində olan ağır metallar və digər kimyəvi maddələr artıq qrunt sularına da, yeraltı sulara da keçib:
“Otuz ildir istismar ediblər, buna görə də həmin müddətdə ərazilərimiz, meşələrimiz bütün ağır metallarla doludur. Bunlar hamısı təmizlənəndən sonra bütün dəymiş zərəri ödəməlidirlər. Təbii ki, Oxçuçay axar çaydır və axar çaylar öz-özünü təmizləyə bilir. Amma bu təmizləmə prosesinin reallaşmasına imkan vermək lazımdır. Çay mütəmadi, fasiləsiz olaraq çirkləndiyi üçün özü-özünü təmizləməyə imkanı olmur. Təsəvvür edin ki, onlar 30 ilə yaxın istismar etdiyi çayları, yeraltı suları, torpaqları və layları necə zibilləyiblər. Bunları kim təmizləyəcək? Əgər bu təmizləmə işləri təbiətin boynuna atılsa, buna min illərlə vaxt lazım olacaq. Ona görə də bu əməlləri törədənlər məsuliyyətə cəlb olunmalıdırlar”.
Oxçuçayda suyun tərkibində ağır metallar və digər kimyəvi maddələr normadan 10 dəfə artıqdır
Hələ bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda monitorinqlər aparılıb və məlum olub ki, çayda ağır metallar normadan artıqdır. Çayın şiddətli çirkləndirilməsinin isə yerli əhaliyə, Araz, Kür və Xəzər Dənizinin bioresursları və ekosisteminə ciddi təhdid yaratdığı məlum olub.
Məlumat üçün bildirək ki, xarici işlər naziri Ceyhun Bayramov iyulun 2-də Bakıda qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Oxçuçay çayında aparılmış monitorinq nəticəsində suyun tərkibində ağır metalların və digər kimyəvi maddələrin normadan 10 dəfələrlə artıq olması aşkarlanıb. Nəzər alsaq ki, Oxçuçay Araz çayına daxil olur, bu zaman çaydakı ekoloji fəlakət Azərbaycanla yanaşı İran üçün də problemlər yaradır.