Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir neçə marketdə keçirilən aksiya 3 iyul - Beynəlxalq polietilen paketsiz gününə həsr olunub.
Nazirlikdən "Report"a verilən məlumata görə, ekokönüllülər tərəfindən alıcılara polietilen torbaların ziyanı barədə ətraflı məlumat verilib və onlara eko çantalar paylanılıb.
Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük verməkdir.
Bu gün ən çox istifadə edilən daşıma vasitəsi – polietilen torbalar qısa müddətdə istifadə olunur və atılır. Həmin paketlər isə yüz illərlə təbiətdə çürümədən qala bilir və ətraf mühitə ziyan vurur. Odur ki, dəfələrlə istifadə oluna bilən parça, həsir və digər alternativ torbalardan istifadə edərək ətraf mühitin qorunmasında birgə səy göstərək.
Qeyd edək ki, plastik tullatıların ətraf mühitə zərərlərin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 1 yanvar 2021-ci il tarixindən tam qadağan edilib. 1 iyul tarixindən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı qadağan olunub.