"TÜV Austria Azərbaycan" ölkədəki şirkətlərin karbon qazı emissiyalarını azaltmasına dəstək göstərir

"TÜV Austria Azərbaycan" ölkədəki şirkətlərin karbon qazı emissiyalarını azaltmasına dəstək göstərir Bakıda "TÜV Austria Azərbaycan" MMC-nin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə Həmrəylik ili”nə həsr olunmuş “EU Green Deal and Sustainability” seminarı keçirilib.
Ekologiya
19 Yanvar , 2024 12:25
TÜV Austria Azərbaycan ölkədəki şirkətlərin karbon qazı emissiyalarını azaltmasına dəstək göstərir

Bakıda "TÜV Austria Azərbaycan" MMC-nin təşkilatçılığı ilə “Yaşıl Dünya naminə Həmrəylik ili”nə həsr olunmuş “EU Green Deal and Sustainability” seminarı keçirilib.

"Report" xəbər verir ki, seminar "TÜV Austria Holding"in GPM-i, ISO İdarəetmə Sistemləri üzrə Baş Auditor Burcu Çelebinin təqdimatında baş tutub. Seminarda qonaq qismində "TÜV Austria Azərbaycan" şirkətinin əməkdaşlıq etdiyi şirkət rəhbərləri, nümayəndələri iştirak ediblər.

Seminarda ISO 14064 – İstixana Qazı Emissiyaları, Təşkilati Səviyyədə Emissiyaların Miqdarının Hesablanması və Hesabatların Tərtib Olunması, ISO 14067 – İstixana Qazı Emissiyaları – Məhsulun Karbon Ayaq İzi, Su Ayaq İzi, bu və ya digər standartlar haqqında ətraflı məlumat verilib.

"TÜV Austria Azərbaycan" şirkətinin direktoru Ülkər Quliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, seminarda "Su ayaq izi" "Karbon ayaq izi", istixana qazı emissiyalarının hesablanması mexanizmlərindən danışılır.

Seminarda Burcu Çelebi qeyd edib ki, Avropa Birliyinin yeni karbon emissiyalarına əsasən bütün şirkətlər qarşıdakı 25 il ərzində "Karbon ayaq izi" barədə hesabat verəcəklər. Buraya nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı zamanı, tekstildə ayrılan karbon emissiyası, elektrik istehsalı və s. sahələrdə ayrılan karbon emissiyaları daxildir.

O vurğulayıb ki, seminarların keçirilməsində məqsəd bu sektorlarda fəaliyyət göstərən şirkətlərin karbon qazı emissiyalarını azaltmaq üçün effektiv vasitələrdən istifadə etməsinə şərait yaratmaqdır.

B.Çelebi "Report"a açıqlamasında bildirib ki, ixracla məşğul olan firmalar, xüsusilə, alüminium, poladəritmə zavodları, sement sənayesi bu məsələdən təsirlənəcək: "Artıq firmalar istehsalda karbon emissiyalarını hesablayacaqlar. Bununla onlar 2026-cı ildə başlayacaq "Avropa gömrük vergisi" çərçivəsində vergilərdən ziyan görməyəcəklər. Bu səbəbdən biz firmaların tədarük zəncirində ziyan görməməsi üçün hansı hesabatların aparılması ilə bağlı seminarlar keçiririk".

O qeyd edib ki, Azərbaycanda da alüminium ixracı və poladəritmə sənayesi bu məsələdə məsuliyyət daşıyır: "TÜV Austria Azərbaycan" olaraq biz akkreditasiyadan keçmişik. Şirkətlərin hesabatlarını yoxlayacağıq. Çünki bu hesabat üçüncü şirkət tərəfindən təsdiqlənməlidir. Biz Türkiyədə 200-dən çox layihə həyata keçirmişik. Gələn aydan Azərbaycanda bu yöndə işlər başlayacaq. Həm şirkətlərin ziyan görməməsi, həm də gənclərin sağlamlığı üçün bu hesabatlar aparılmalıdır".

Qeyd edək ki, "TÜV- Austria Holding" 35-dən artıq ölkədə fəaliyyət göstərən, bir əsr yarım yaşı olan beynəlxalq şirkətdir. Şirkət 2017-ci ildən Azərbaycanda dövlət qeydiyyatından keçib. Əsas fəaliyyət istiqamətləri sertifikasiya, təlim və inspeksiya xidmətləridir. Ümumilikdə, "TÜV Austria"nın portfelində 300-dən artıq xidmət sahəsi mövcuddur.

Şirkət sənaye, ticarət və sənətkarlıq müəssisələrindən, səhiyyə və yerli hakimiyyət orqanlarından tutmuş elmi və tədqiqat müəssisələrinə qədər hər sahədə təhlükəsizliyi, keyfiyyəti, yeniliyi, ətraf mühitin qorunmasını və iş maraqlarını təmin edir.

2000-dən çox əməkdaş dünya miqyasında müştərilər və tərəfdaşlar üçün çalışır. 1872-ci ildən fəaliyyət göstərən şirkətin 30 ildən çox beynəlxalq təcrübəsi var. Müştərilərə müxtəlif sahələrdə göstərilən xüsusi xidmətlər aşağıdakılardır:

  • Sənaye Xidmətləri
  • Test ve İnspeksiya Xidmətləri
  • Kiber Təhlükəsizlik və Məlumatların Qorunması
  • Sığorta Xidmətləri
  • Təlim və Əlavə Təhsil

"TÜV Austria" tərəfindən hazırlanan sənədlər Avropa İqtisadi Bölgəsi daxilində və dünyanın bir çox ölkəsində tanınır.

FOTO: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi