Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib

Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib Çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 5-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilmişdir.
Ekologiya
5 İyun , 2021 20:15
Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib

Çimərlik mövsümünün açılışı ilə əlaqədar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

IDEA İctimai Birliyindən “Report”a verilən məlumata görə, Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş təmizlik aksiyası Şüvəlan çimərliyi ərazisində təşkil edilib. “Sahillər təmiz qalsın” şüarı altında keçirilən aksiya Xəzər dənizi sahillərində gənclərin iştirakı ilə baş tutan sayca 16-cı aksiyadır.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantıları çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri müəyyən ediblər. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub. Daha sonra, bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq edilməsi məqsədilə paytaxtımızda ictimai çimərliklər yaradılıb. IDEA İctimai Birliyinin təşkilatçılığı ilə Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbə çimərliklərinin ərazisində olmaqla ümumilikdə 6 ictimai çimərlik əhalinin istifadəsinə verilib. Sözügedən çimərliklərdə insanların rahat, təmiz və təhlükəsiz məkanda tamamilə ödənişsiz istirahət edə bilməsi üçün oturacaqlar və sanitar qovşaq quraşdırılıb, futbol və voleybol meydançaları salınıb, zibil qutuları yerləşdirilib, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar və s. quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi