"İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir".
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, səviyyə tərəddüdlərinin ekosistemə mümkün təsirlərinin öyrənilməsi, bu istiqamətdə ciddi araşdırmaların aparılması, orta və uzunmüddətli proqnoz-ssenarilərin qurulması, maraqlı tərəflərin operativ rəsmi məlumatlandırma sisteminin yaradılması, uyğunlaşma - adaptasiya tədbirlərinin hazırlanması, regional səviyyədə koordinsiya və əməkdaşlıq məsələləri bu gün xüsusilə aktualdır.
O qeyd edib ki, Xəzər dənizi qapalı hövzədir və Volqa, Ural, Samur, Kür, Terek, Səfidrud və digər çayların hövzələrində baş verən iqlim tərəddüdləri burada suyun səviyyəsinin artıb-azalmasına əhəmiyyətli təsir göstərir:
"Təcrübə göstərir ki, dənizin səviyyəsinin endiyi hallarda Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən limanların istismarında çətinliklər əmələ gəlir. Analoji hallar SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına maneçilik törədir".