Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində monitorinqlər aparıb.
"Report" xəbər verir ki, bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd eib ki, ekspedisiya qrupu Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən “Bahar”, “8 mart”, “Ələt-dəniz”, “Bulla-dəniz”, “Ümid”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Mərkəzi Azəri”, “Günəşli”, “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Çilov”, “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə”, “28 may” NQÇİ, JOCAP neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirib: "Monitorinqlər zamanı 80 müxtəlif koordinat üzrə 292 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib. Eləcə də, həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılıb".