Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran su bioresurslarının mühafizəsi və səmərəli istifadəsi və Xəzər dənizinin ehtiyatlarının idarə edilməsi üzrə komissiyanın iclasında nərə balıqlarının kommersiya məqsədli ovlanmasına qoyulan qadağanın müddətini 2023-cü ilə qədər uzadıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi məlumat yayıb.
Nərə balıqlarının ovlanması, əvvəlki kimi, yalnız tədqiqat məqsədləri və süni çoxalma üçün mümkün olacaq.
Qeyd edək ki, komissiya Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən 2014-cü ilin sentyabrında Həştərxanda imzalanmış sazişə əsasən yaradılıb. 2016-cı ilin yazında sənəd bütün iştirakçı ölkələrdə ratifikasiya edilib və qüvvəyə minib. Müqavilə komissiyanın qərarlarının üzv dövlətlər üçün məcburi ola biləcəyini nəzərdə tutur. Komissiyanın ilk iclası 2017-ci il noyabrın sonunda Bakıda keçirilib.
Xəzər dənizi hövzəsində nərə balıqlarının ovlanması üzrə maksimal göstəricilər 20-ci əsrin əvvəllərində - 39,4 min ton və ötən əsrin 70-ci illərinin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb.