Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası Xocasən qəsəbəsində keçirilib.
"Report" xəbər verir ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına Azərbaycan Televiziyasının əməkdaşları da böyük ruh yüksəkliyi ilə qoşulub.
Aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub.
Qeyd edək ki, builki “Yaşıl Marafon” çərçivəsində Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsi planlaşdırılır ki, bu xüsusda yamaclarda terraslar hazırlanacaq, ağacların əhatəsi təbii sutoplayıcı formaya salınacaq və yağış sularının ağacların suvarılmasına yönəldilməsi mümkün olacaq. Bununla, torpaq eroziyasının qarşısı alınacaq, torpağın hava, su keçiriciliyi və münbitliyi artacaq, nəticədə daha yüksək bitiş faizi əldə ediləcək, eləcə də həmin sahələrdə suvarma suyuna qənaət edilmiş olacaq. Bununla yanaşı, kampaniya ölkənin açıq meşə fondu torpaqlarında 1000 hektar ərazidə yaz və payız əkin mövsümləri müddətində meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi və meşə bərpa tədbirlərinin keçirilməsini nəzərdə tutur.
Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirilməyə töhfə verməkdən ibarətdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılmasına nail olmaqla bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.