Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Bərdə rayonunda bal verən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilib.
IDEA İctimai Birliyindən "Report"a verilən məlumata görə, aprelin 9-da könüllü gənclərin iştirakı ilə baş tutan aksiya zamanı 1 250 ədəd göyrüş və 625 ədəd akasiya ağacları əkilib.
“Yaşıl marafon” layihəsi üzrə təşkil edilən aksiya eyni zamanda IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir.
Məlumdur ki, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir. Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır. Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.
Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.
Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.