Azərbaycan Dillər Universitetində (ADU) Pakistan dil və mədəniyyət mərkəzi açılacaq.
Bu barədə "Report"a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, mərkəzin açılması ilə bağlı hazırlıq işlər gedir: “Bu ilin mart ayında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee arasında görüş keçirilmişdi. Həmin görüşdə rektor səfirə bildirmişdi ki, Azərbaycanda Pakistana böyük sevgi və hörmət var. Vətən Müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi hər birimiz üçün çox qiymətlidir.
Universitetdə 20-ə yaxın dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir, 20 xarici dil isə böyük uğurla tədris olunur. Mərkəzin açılışı bizə bir çox istiqamətlərdə yeni perspektivlər açacaq. Elmi əməkdaşlıq, tələbə mübadiləsi və başqa mühüm istiqamətlər qarşımızda duran əsas perspektivlərdir. Bu mərkəz Pakistanın Azərbaycanda ilk mədəni məkanı olacaq. Cənab səfir Pakistan dil və mədəniyyət mərkəzinin açılmasını yüksək qiymətləndirərək bildirmişdi ki, Azərbaycanla Pakistan arasında siyasi münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan Dillər Universitetində urdu dilinin tədrisi bizim xalqları bir-birinə daha da yaxınlaşdıracaq”.
Şöbədən əlavə olunub ki, universitetin geniş auditoriyalarından biri mərkəz üçün ayrılıb, Pakistanın ölkəmizdəki səfirliyi və ADU əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.
Pakistan dil və mədəniyyət mərkəzinin təqdimat mərasimindən sonra isə Azərbaycan Dil və mədəniyyət mərkəzinin Pakistanın ən böyük universitetlərindən biri olan Kəraçi Universitetində açılması planlaşdırılır.