AMEA-nın
Akademiyadan "Report"a bildirilib ki, məruzəni təqdim edən şöbənin əməkdaşı, baş mütəxəssis Oqtay Ələkbərov dronların yaranma tarixi, növləri, xarakteristikası və tətbiq sahələri barədə ətraflı məlumat verib.
Bildirib ki, ilk dəfə dronlar ABŞ hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə istifadə olunub: "ABŞ-ın Texas, Nevada, Dakota ştatlarının bəzi şəhərlərində dronlar 24 saat patrul xidməti aparır. Bu dronlar xüsusi baza ilə təmin olunub. Belə ki, axtarışda olan cinayətkarlar haqqında məlumatlar dronların bazalarına yerləşdirilir. Xüsusi sensor və kameralar vasitəsilə şəxslərin simalarının identifikasiyası aparılır. Dronlar tipinə görə 2 sinfə bölünür: təyyarə tipli dronlar düz qanada, vertolyot tipli dronlar isə pərlərə malikdir. Hərbi və mülki təyinatlı dronlar nano, mikro, mini, midi və ağır çəkili olaraq xarakterizə edilir”.
Dronların tətbiq sahələrindən söz açan O.Ələkbərov onlardan hüquq-mühafizə orqanlarında, tibb, logistika, kənd təsərrüfatı, tikinti, xilasetmə işləri və s. kimi bir çox sferalarda müxtəlif məqsədlər üçün istifadə olunduğunu qeyd edib.
Məruzəçinin sözlərinə görə, dronlar günümüzdə tibbin müxtəlif sahələrində, əsasən, ilkin tibbi yardımda, həmçinin koronavirus xəstələrinin təyin olunmasında geniş istifadə olunur: "Bir çox ölkələrdə hadisə yerinə qan ehtiyatının çatdırılması məqsədilə də tətbiq edilir. Hazırda dünyanı bürüyən COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün ABŞ, Çin, Almaniya, Avstraliya və Yaponiya kimi inkişaf etmiş ölkələr məhz dronlardan istifadə edirlər".
O, həmçinin hərb sahəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən dronların modelləri, funksiyaları və s. haqqında məlumatı nəzərə çatdırıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, dronlarla bağlı elmi tədqiqatların dərinləşdirilməsinə dair təkliflər səsləndirilib.