Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə mayın 8-də keçirilən test imtahanının nəticələri elan olunub.
Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.
İmtahan nəticələri mayın 20-də saat 17:36-dan etibarən DİM-in
İmtahanda iştirakı nəzərdə tutulan 20555 nəfərdən 414 nəfər imtahana gəlməyib.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat tarixləri elan olunacaq. Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.
8 may imtahanından “qeyri-məqbul” qiymət alanların yaz qəbul imtahanlarında iştirakına da icazə verilir.
Mayın 8-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may 2022‑ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 22-24 may tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.