Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Məzun Günü” keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Məzun Günü” keçirilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin “Məzun Günü” keçirilib.
Elm və təhsil
5 İyul , 2024 19:23
Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin “Məzun Günü” keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrinin “Məzun Günü” keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edilən mərasimdə universitet rəhbərliyi, akademik heyət, rəsmi qonaqlar, məzunlar onların valideynləri iştirak ediblər.

Buraxılış mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, 2023/2024-cü tədris ilində AzMİU-dan 2 mindən çox tələbə məzun olur:

"Onlardan 12 nəfəri (3 bakalavr və 9 magistr) universitetimizi fərqlənmə diplomu ilə bitirir. AzMİU-da ümumilikdə bakalavriatura səviyyəsində 27 ixtisas üzrə tədris aparılır. Bu il 3 yeni ixtisas – Nəqliyyat mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və Sənaye mühəndisliyi ixtisasları üzrə də buraxılışımız oldu. Bu ixtisaslar üzrə cəmi 80 tələbə bu gün məzun adı qazanır".

Rektor məlumat verib ki, magistratura səviyyəsində 25 ixtisas, 60 ixtisaslaşma üzrə 530 tələbə məzun olur.

O həmçinin qeyd edib ki, bu məzun günündə 12 tələbə Vətən müharibəsi iştirakçısıdır:

"Vətən müharibəsində universitetin 27 tələbə və məzunu qəhrəmancasına şəhid olub. Hətta bu il 12 tələbə müharibə iştirakçısı və qazi olaraq məzun olur".

Rektor sonda məzunlara müraciət edərək onlara uğurlar arzulayıb.

Çıxışlardan sonra rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə də mükafatlar verilib.

Qeyd edək ki, bu il məzun olan gənclərdən bakalavriatura səviyyəsi üzrə 708-i qız, 928-i oğlan, magistratura səviyyəsi üzrə 140-ı qız, 309-u oğlandır. Məzunlar sırasında AzMİU və İTU arasında həyata keçirilən ikili diplom proqramı üzrə İnşaat fakültəsi İnşaat mühəndisliyi ixtisasının ilk məzunu, eyni zamanda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igid qazilər də var. Bundan əlavə, məzunlar arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Pakistan, Əfqanıstan, Ukrayna, Suriya, Qazaxıstan, Özbəkistan, Yəmən, Moldova, Türkmənistan, Çindən olan əcnəbi gənclər də olub.

FOTO: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi