ABŞ-da fəaliyyət göstərən Azərbaycan Tələbə Təşkilatının üzvləri Florida Beynəlxalq Universitetində keçirilən tələbə təşkilatlarının sərgisində iştirak ediblər.
“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan Tələbə Təşkilatının qurucusu, universitetin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin gənc tələbəsi, həmyerlimiz Aydın Eminovun təşkilatçılığı ilə açılan Azərbaycan pavilyonunda milli atributlar nümayiş olunub, adət-ənənələrimizi tərənnüm edən kitablar, fotolar və suvenirlər sərgilənib.
Həmyerlimiz qonaqları ölkəmiz haqqında geniş məlumatlandırıb. Bildirib ki, Azərbaycan qədim tarixə sahib, bir çox xalqların və millətlərin birgə sülh və əmin-amanlıq şəraitində yaşadığı, zəngin təbii sərvətləri və milli adət-ənənələri olan ölkədir.
Qazaxıstan, Argentina, Rumıniya, Venesuela, Pakistan, Banqladeş, Rusiya, İsrail, Kolumbiya, İtaliya və digər ölkələrdən olan xarici tələbələr A.Eminovun təqdimatını maraqla izləyiblər. Xarici tələbələr Azərbaycan çayından içib, milli mətbəximizin ləziz təamlarından dadıblar.
Tədbirdə Azərbaycan Tələbə Təşkilatının üzvləri, Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər. Onlar qonaqların ölkəmizlə bağlı suallarına aydınlıq gətirib, tələbələri maraqlandıran məsələlər haqqında məlumatlar veriblər.