"Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək".
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu qayda adıçəkilən ərazilərdə hazırda müəllim olaraq çalışan şəxslərə aid deyil: "Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar. Bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur. İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər".
"Həvəsləndirmə tədbirləri tətbiq olunan müəllimlərin fəaliyyəti hər zaman diqqət mərkəzində olur. Onlar arasında da 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına görə hesablanacaq", - E.Bağırov bildirib.