“British Council” və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Study UK Alumni” müsabiqəsinin nəticələrini elan ediblər.
“Report” xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “British Council”in Azərbaycan direktoru Frensis Qardener-Trexo iştirak edib.
Qeyd edək ki, müxtəlif peşələr, sahibkarlıq, ictimai həyatdakı nailiyyətlərə, habelə Böyük Britaniya ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafına töhfələrə görə verilən bu mükafata bütün dünyada 1200-dən artıq iddiaçının 12 nəfəri final mərhələsinə seçilib.
Mükafatın “Elm və dayanıqlı inkişaf” nominasiyasında Rauf Cabbarov, “Mədəniyyət və yaradıcılıq” nominasiyasında Lalə Əliyeva, “Sosial fəallıq” nominasiyasında Türkan Əliyeva, “Sahibkarlıq və innovasiyalar” nominasiyasında da Musa Əfəndiyev qalib elan olunublar.
“Study UK Alumni” mükafatları Böyük Britaniya universitetlərinin həm peşə fəaliyyətində, həm də başqa sahələrdə nümunəvi liderlik cəhətləri və mühüm nailiyyətlər göstərmiş məzunlarına təqdim edilir.