Bakıda yanğın baş verən Aslan Muradov adına 84 nömrəli tam orta məktəb distant təhsilə keçib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtəbəsində baş verib, müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur".