Bu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsindən biri Kəlbəcər rayonu 108 saylı tam orta məktəbin yetirməsi Zərifə Şahbazzadədir. O, orta məktəbi fərqlənmə diplomu ilə bitirərək 690 balla BANM-in İnformasiya təhlükəsizliyi ixtisasını seçib. Prezident təqaüdünə layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşən Zərifə Şahbazzadə Kəlbəcər rayonunun azad olunması ilə bağlı da bir kəlbəcərli olaraq hisslərini dilə gətirib, Azərbaycan xalqının çox şərəfli və qürurlu bir tarix yaşadığını deyib: “Mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan ordusunun şücaəti bu şanlı qələbəni bizə yaşatdı. Kəlbəcər mənim üçün Azərbaycandır! Görmədiyim, yalnız xatirələrdə canlanan Vətən torpağıdır Kəlbəcər!” "Report" Zərifə Şahbazzadənin müsahibəsini təqdim edir:
- Zərifə, ailəniz, yaxınlarınız Kəlbəcər haqqında sizinlə hansı xatirələri bölüşüblər?
- Nənəmin Kəlbəcər haqqında bitib-tükənməyən xatirələri məndə sanki orada yaşamışam kimi hisslər oyadırdı. Sıldırım qayalar, möhtəşəm təbiət, əsrarəngiz gözəllik haqqında eşitdikcə orada mənfur düşmənlərin məskunlaşması onlara olan niftrətimi daha da artırırdı.
- Doğma torpağının işğaldan azad olunması necə hissdir?
- İşğal altında olan vətənin hər bir qarışı əzizdir. Hər bir qarış torpaqdan düşmənin qovulması insana qürurverici hislər yaşadırdı. Məscidlərdə yenidən azan səsinin eşidilməsi çox gözəl duyğudur. Özümü çox xoşbəxt hiss edirəm ki, Kəlbəcərə, Şuşaya getmək, uca dağları seyr etmək, gözəlliklərdən zövq almaq nəsibim olacaq.
- Vətən müharibəsində yaxınlarınızdan iştirak edən oldumu? Bəs siz necə informasiya savaşında fəal idinizmi?
- Torpağımız, şərəfimiz və qürurumuz uğrunda başladığımız savaşda acı bir həqiqətdir ki, şəhidlərimiz də var. Onlar bu günü bizə yaşatmaq üçün qanları ilə tarix yazıblar! Qazilərimiz igidlik göstərərək düşmənin heç bir hiyləsinə aldanmayıblar. Onların qarşısında baş əyirəm. Vətən müharibəsində anamın xalası oğlu iştirak edib.
Bu savaşda hər birimiz həmrəy olmalı, birlik və dostluq nümayiş etdirməli idik. Zəfər qazanmaq üçün bu, çox önəmli şərt idi. Çünki düşmən bizi daim izləyir və mənfi fikirlərlə bizi ruhdan salmağa çalışırdı. Lakin yenilməz xalqımızın birliyi həm döyüş meydanında, həm də virtual aləmdə bütün dünyaya nümunə oldu. Prezidentimizin hər bir müraciəti bir tarixə çevrildi və son 10 noyabr müraciəti ilə 28 illik bir həsrətə son qoydu. Azərbaycan xalqı bir daha sübut etdi ki, bayrağımız əyilməzdir. O, daim yüksəklərdə dalğalanacaq. Bəli, mən də digər həmyaşıdlarım kimi sosial şəbəkələrdə bacardığım qədər fəal idim.
- Siz həm də bu il Prezident təqaüdünə layiq görülmüsünüz. Təbrik edirik sizi və bilmək istəyirik ki, bu xəbəri ilk dəfə eşidəndə təəssüratınız necə oldu?
- 2020-ci il təzadlı bir il oldu. Fərqli bir yaşayış tərzinə alışmaq və bu şəraitdə ali məktəbə hazırlaşmaq məcburiyyəti yarandı. Lakin qarşıma qoyduğum məqsəd və gələcək arzularım bu şərtlərə qalib gəldi. 690 bal toplayaraq BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olundum. Müharibənin davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin təqaüdlə bağlı imzaladığı sərəncam çox gözlənilməz oldu. Ölkənin çox çətin bir zamanında gənclərə ən ali səviyyədə dəyər verilməsi çox qürurverici anlar yaşatdı.
- Məhz Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?
- BANM-də təhsil alan yaxınlarımdan, məktəbimizin məzunlarından və araşdırdığım mənbələrdən ətraflı məlumatlar əldə etmişdim. Araşdırmalarımdan qənaətim bu oldu ki, keyfiyyətli təhsil almaq, savadlı mütəxəssis kimi yetişmək arzuma Bakı Ali Neft Məktəbində təhsil alaraq çata bilərəm. Məqsədim peşəkar və bacarıqlı mütəxəssis olmaq üçün universiteti əla nəticələrlə bitirərək magistr təhsili də almaqdır.