Dövlət İmtahan Mərkəzi 6 və 7 iyul 2022-ci il tarixlərində keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.
DİM-dən "Report"a verilən məlumata görə, Mərkəz tərəfindən iyulun 6-da III ixtisas qrupu, iyulun 7-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Məlumat üçün qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).