"Bu arqumenti gətirənlər ölkəmizdə mərkəzləşmiş qəbul sisteminin tətbiqinin əsas səbəblərini unudurlar. Belə ki, bu sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Universitetlər öz tələbələrini özləri seçsə, daha yaxşı olmazmı" sualını cavablandırarkən deyib.
O bildirib ki, qeyd olunan neqativ hallarla yanaşı, sistemin mahiyyətindən irəli gələn vahid standart və meyarların olmaması da qeyri-obyektiv qiymətləndirməyə və nəticə etibarı ilə ədalətsizliklərə səbəb olurdu: "Nəzərə alınmalıdır ki, istənilən cəmiyyətdə asan yolla öz istəklərinə nail olmaq istəyən insanlar sistemdəki boşluqları sürətlə müəyyən edir və ondan istifadə edirlər. Bu cür boşluqları olan sistemdə cəmi bir-neçə pis niyyətli şəxsin olması kifayətdir ki, bütün akademik ictimaiyyətin etibarını şübhə altına qoysun və vətəndaşların dövlətə olan inamını zədələsin. İnsan faktorunun təsirini minimuma endirən, aydın standartlara əsaslanan avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları, demək olar ki, tamamilə ortadan qaldırdı".
"Ümumiyyətlə, təcrübə göstərir ki, yaxşı planlaşdırılmış mərkəzləşmiş sistemlərin tətbiqi yerlərdə korrupsiyanın qarşısını almaq və vahid xidmət standartların tətbiqi baxımından səmərəli yanaşmadır. Buna ən uğurlu nümunələrdən biri kimi ASAN Xidməti göstərmək olar. İlk baxışdan bir-birindən tamamilə fərqli olan orqanların üst-üstə düşən funksiyalarının bir xidmət çərçivəsində birləşdirilməsi xidmət səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb oldu. Burada həm ideyanın mükəmməlliyini, həm də effektiv keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqini qeyd etmək lazımdır", - DİM sədri qeyd edib.