"Azərbaycan son 30 il ərzində uğurla inkişaf edən ölkələrdən biridir. Ölkəmizin inkişaf tarixində 1990, 2010 və 2020-ci illər biri-birindən kəskin fərqlənir. Əgər Birinci Qarabağ müharibəsi ilə əlaqədar olaraq 1990-cı illərdə məcburi köçkünlərin ali məktəblərə köçürülməsindən danışırdıqsa, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Zəfərimizdən sonra işğaldan azad edilən ərazilərimizdə ali təhsil məktəblərinin yaradılmasından danışırıq".
"Report"un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, 30 ilin inkişaf dinamikasının fonunda təhsil sahəsində çox böyük fərq var: "Yeni hazırlanan qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəblər üçün qəbul edilən olmalıdır".
Təhsil naziri bildirib ki, Azərbaycanda dərslik proqramlarının tənzimlənməsi çox vacibdir: "Qəbul prosesinin fərqli kontekstdə aparılması da mütərəqqi addımlardan biridir. Yeni qanun layihəsində diferensial yanaşmanın nəzərə alınması vacibdir. Qanunun çevikliyi onun maddələri ilə tənzimlənir".