Bu il üzrə direktorların işə qəbulu imtahanlarında əvvəlki illərlə müqayisədə rekord sayda – 2683 namizədin iştirakı qeydə alınıb.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, 2018-ci ildə keçirilmiş müsabiqənin test imtahanı mərhələsində 1411, 2019-cu ildə isə 1645 namizəd iştirak edib.
İlk dəfə bu il üzrə imtahanlarda iştirak edənlər arasında qadınların sayı (1382 nəfər) kişi namizədlərlə müqayisədə çox olub.
İmtahanlarda iştirak edən namizədlərdən 25 nəfəri xaricdə təhsil alıb. Namizədlər arasında 1807 nəfər müəllim, 511 nəfər tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, 139 nəfər tərbiyə işləri üzrə direktor müavini, 111 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 47 nəfər metodist, 32 nəfər gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 26 nəfər psixoloq, 10 nəfər uşaq birliyi təşkilatının rəhbəri vəzifəsində çalışır. Namizədlərdən 12 nəfəri fəlsəfə doktorudur.