Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil məktəblərində psixoloji xidmətin effektivliyinin artırılması ilə əlaqədar monitorinqlər aparılır.
Bu barədə "Report"a İdarədən məlumat verilib.
Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd psixoloqların peşəkar kompetensiyalarının yüksəldilməsinə dəstək olmaq, şagird və müəllimlərin emosional sferasını tədqiq edib həmin istiqamətdə inkişafetdirici işlər aparmaqdan ibarətdir. Şagirdlərdə imtahan həyəcanını korreksiya etmək, risk qrupuna daxilolma ehtimalı olan, xüsusi qayğıya ehtiyac duyan şagirdlərlə qrup çalışmaları aparmaq, müəllim-şagird-valideyn kontingenti ilə maarifləndirici seminarlar təşkil etmək, valideynlərin məktəb və pedaqoji prosesə münasibətini və dərsin psixoloji təşkilini öyrənmək məqsədilə dərsdinləmələrdə iştirak etmək də monitorinqin əsas hədəflərindəndir.
Monitorinqlər zamanı ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin düzgün qurulması məsələləri ilə bağlı müşahidələr aparılır.
Təhsil müəssisələrində şagirdlərə lazımi psixoloji dəstək göstərmələri ilə bağlı psixoloqlara müvafiq təklif və tövsiyələr verilir, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılmasına dair məsələlər müzakirə edilir.
Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.