MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom alıblar

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom alıblar Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (MGİMO) və Azərbaycan İdman Akademiyası tərəfindən birgə həyata keçirilən “İdman Menecmenti” magistr ixtisası üzrə təhsil alan ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub.
Elm və təhsil
5 İyul , 2024 17:46
MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom alıblar

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (MGİMO) və Azərbaycan İdman Akademiyası tərəfindən birgə həyata keçirilən “İdman Menecmenti” magistr ixtisası üzrə təhsil alan ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub.

"Report" xəbər verir ki, Moskvada keçirilən tədbirdə MGİMO-nun rektoru Anatoliy Torkunov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və hər iki ali təhsil müəssisəsini təmsil edən rəsmilər iştirak ediblər.

Proqramın ilk məzunlarına diplomları rektorlar Anatoliy Torkunov və Fuad Hacıyev təqdim edib.

Açılış nitqində MGİMO-nun rektoru Anatoliy Torkunov birgə təhsil proqramının ölkələrimiz arasındakı dostluğun və əməkdaşlığın parlaq nümunəsi olduğunu, MGİMO və Azərbaycan İdman Akademiyasının birlikdə təhsil sahəsində yeni bir səhifə açaraq, əmək bazarı üçün peşəkar mütəxəssislərin yetişdirilməsinə böyük töhfə verdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, proqramın unikal xüsusiyyəti dünya səviyyəli və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına imkan yaratmasındadır. Bu proqram sayəsində məzunlar idman menecmenti sahəsində geniş bilik və təcrübə əldə edirlər.

İkili diplom proqramının ilk məzunlarından olan tələbə Fərid Xəlilov bu mühüm tədbirdə iştirak edərək məzun olmaqdan böyük şərəf duyduğunu, bu yolda onlara dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Vurğulayıb ki, hər birimiz öz missiyamızı davam etdirəcək və idman sahəsində nailiyyətlərə imza atmağa çalışacayıq.

2022-ci ildə Azərbaycan İdman Akademiyası ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti arasında bağlanan müqaviləyə əsasən "İdman menecmenti" magistr ixtisası üzrə ikili diplom proqramı təsdiq edilib. Proqram idman menecmenti sahəsində təhsil alan tələbələrə həm Azərbaycan İdman Akademiyasının, həm də MGİMO-nun təcrübə və biliklərini birləşdirərək, beynəlxalq səviyyədə keyfiyyətli təhsil imkanı təmin edir. Müqaviləyə əsasən təhsil səviyyəsinin yüksəldilməsinə yönəlmiş akademik və digər qarşılıqlı əlaqələrin yaradılması və inkişafı nəzərdə tutulub və bu il 7 tələbə məzun adını qazanıb.

Son xəbərlər

Orphus sistemi