2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb.
“Report” xəbər verir ki, namizədlərin şəxsi səhifələrinə daxil olaraq vakansiya seçməsi 9 sentyabr saat 23:59-dək davam edib.
Növbəti mərhələdə keçid balını toplamış namizədlərin yerləşdirilməsi elektron şəkildə, ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək.
İmtahan nəticəsi və seçdiyi vakant yer eyni olan iki və ya daha çox namizədin elektron yerləşdirilməsi zamanı 5 meyar üzrə müəyyən olunmuş əmsallar mərhələli şəkildə həmin namizədlərin imtahan nəticəsinin kəsr hissəsinə əlavə ediləcək. Belə ki, yalnız yuxarıda qeyd olunan hallarda namizədlərin imtahan nəticəsinə ilk növbədə ixtisas balı, daha sonra isə mərhələli şəkildə təhsil göstəricisi, təhsil haqqında sənədi, pedaqoji stajı və yaşayış yerinə uyğun olaraq əmsal tətbiq ediləcək.