Təhsil İnstitutu müəllimlərin işə qəbulu imtahanlarında namizədlərin test tapşırıqlarının çətinliyi ilə bağlı səsləndirdiyi narazılıqlara aydınlıq gətirib.
“Report” xəbər verir ki, institutun mərkəz rəhbəri Nəzakət Mehdiyeva müəllim olmaq istəyən namizədlərin əsas narazılıqlarının ildən-ilə sualların çətinləşməsi bağlı olduğunu deyib.
“Bizi düşündürən əsas məsələ müəllim olaq istəyənlər üçün sualların çətinləşməsi yox, illər uzunu aparılan təhlillər nəticəsində gəlinən qənatdir. Bu da ondan ibarətdir ki, məktəbə hansı müəllim, yəni hansı öyrənmə prosesini tətbiq edən təhsilverən lazımdır. Dünya standartlarına yaxınlaşırıq və bu prosesə də addım-addım getmək labüddür. Bir faktı xatırladım ki, 2018-ci ildə keçirilən buraxılış imtahanında abituriyentlər sualların çətinliyindən ciddi narahatlıq keçirmişdilər. Halbuki hamı Dövlət İmtahan Mərkəzinə qarşı çıxmışdı. Bir neçə aydan sonra hamı sakitləşdi. Təhsil Nazirliyi mütəxəssislərini cəlb edərək araşdırmalara başladı. Sonra izah verildi ki, suallar yeni tədris proqramları (kurikulum) əsasında hazırlanmışdı”, - o bildirib.
N.Mehdiyeva qeyd edib ki, aparılan təhlillər nəticəsində müəllimlərin son 10 ildə bilik vermək bacarığının müasir tələblərə bir o qədər cavab vermədiyi məlum olub: “Son 3 ildə müəllimlərin ixtisasartırma təlimlərində istifadə olunan tədris proqramlarında təkmilləşdirmələr aparıldı və dövrün tələblərinə uyğunlaşdırıldı. Demirəm ki, bütün müəllimlər yeni proqramı öyrənir. Amma böyük əksəriyyət bunun üçün çalışır. Arzu edərdim ki, namizədlərimiz yeni öyrənmə prosesinə qoşulsunlar”.