"Əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək. Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək".
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, daha sonra digər namizədlər üçün vakansiya seçimi açıq elan ediləcək: "Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək. Ucqar kənd yerlərində çalışan müəllimlər üçün bu ildən etibarən müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq".