“Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, pandemiya dövründə təhsilin fundamental məqsəd və vəzifələri prinsipcə dəyişməyib: “Əsas məsələ də budur. Bacardıqca daha çox insan üçün keyfiyyətli təhsil təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”.
E.Əmrullayev bildirib ki, daha çox insanı onlayn formada təhsilə cəlb etmək mümkündür: “Təhsil və tədqiqatların keyfiyyətinin qaldırılması ən başlıca problem olaraq qalır. Təhsilin keyfiyyət təminatı sistemlərinin yerində olması və tələbələrin nə öyrənməsini müəyyən etmək əsas suallardan biridir”.
O vurğulayıb ki, ali təhsilin maliyyələşdirilməsi və ümumi idarəedilməsi məsələsi gündəmə gəlməlidir: “Ölkənin ali təhsil sistemi kifayət qədər tənzimlənən sahədir. Pandemiya dövründə öyrənmənin hansı həcmdə itirilməsi və bunu bərpa etməyin yolları barədə düşünməliyik. Tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlarla üz-üzəyik. Qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq. Azərbaycanda ali təhsil müəssisələrinin strukturu kifayət qədər ləng şəkildə dəyişirdi. İndiki şəraitdə pandemiya daha çox instisional dəyişikliyə zəmin yaradacaq”.