Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.
"Report" xəbər verir ki, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, ümumi təhsil müəssisələrində Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və onlayn “Açıq dərs”lərin keçirilməsi, ədəbiyyatçılar və Nizamişünaslarla görüşlərin təşkili, şairə həsr olunmuş bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
Məktəb kitabxanalarında Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində “Dəyirmi masa” və debatların keçirilməsi, şairə həsr olunmuş elmi və bədii əsərlər, məqalə və kitablarla tanışlıq işinin təşkili planlaşdırılır.
Həmçinin, “Nizami Gəncəvi: bəşəriyyətin bədii fikir tarixində yeni səhifə açmış dahi sənətkar” və “Nizami Gəncəvi yaradıcılığı: İnsanlığa və ədalətə çağırış” adlı elmi-praktik konfranslar, təhsil işçiləri arasında “Sirlər xəzinəsi” adlı intellektual yarış, yuxarı sinif şagirdləri arasında “Nizami dünyası” və “Ən yaxşı təqdimat” adlı müsabiqələr keçiriləcək.
Bundan başqa, “Nizami ili” nə həsr olunmuş “Xəmsə” festivalı, “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi”nə virtual səyahət, müəllimlər arasında “Nizami Gəncəvi irsi” mövzusunda konfrans təşkil ediləcək.
Məktəblilər arasında “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ən yaxşı teatr tamaşası”, “Ən yaxşı şeir ifaçısı”, “Ən yaxşı mahnı ifaçısı”, “Ən yaxşı gənc yazar”, “Ən yaxşı rəsm müəllifi”, “Ən yaxşı əl işi” nominasiyaları üzrə müsabiqələr, həmçinin Nizami Gəncəvi irsinin şagirdlər arasında müasir texnoloji vasitələr, sosial media alətləri vasitəsilə təbliği məqsədilə layihələr də keçiriləcək.
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə azyaşlılar və yeniyetmələr üçün kitabçalar və komikslər də nəşr olunacaq.
Qeyd edək ki, yubiley tədbirləri karantin qaydalarına uyğun olaraq onlayn şəkildə keçiriləcək.