Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çap prosesində olmasını əlamətdar hadisə kimi dəyərləndirib.
"Report" xəbər verir ki, o, bu barədə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının növbəti iclasında bildirib.
İ.Həbibbəyli “Azərbaycan dilinin milli orfoepiya lüğəti”nin hazırlanması üçün AMEA-da İşçi qrupunun yaradıldığını və bu istiqamətdə müvafiq iş aparıldığını diqqətə çatdırıb.
İclasda həmçinin pandemiya dövründə müvəqqəti olaraq Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrində aparılan müsabiqə xarakterli kadr dəyişikliklərinin açıq səsvermə yolu ilə keçirilməsi qərara alınıb.
Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Əsədova Fəlsəfə İnstitutunun Estetika şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Fikrət Nəbiyev isə həmin müəssisənin Məntiq şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiqləniblər.