Aprel ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən “Report”a verilən məlumata görə, ötən ay 246 müraciətçinin 179-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 37, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 3, digər səbəblər üzrə 4 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 73, Rusiyadan 64, Ukraynadan 62, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 15, Gürcüstandan 7, digər ölkələrdən isə 25 müraciətin olduğu müşahidə olunub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 31, maliyyə üzrə 30, biznesin idarə edilməsi üzrə 19, menecment üzrə 15 nəfər müraciətçi qeydə alınıb.
Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.