2020/2021-ci tədris ili üçün ali müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına(XQTİ) qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanları davam edir.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, imtahanlar 27 avqust tarixindən etibarən keçirilir.
Abituriyentlər 2 istiqamət üzrə ən çoxu 6 Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçiblər. Bu il 11 489 abituriyent və 2 597 subbakalavr öz elektron ərizəsində yalnız V ixtisas qrupunu qeyd edib.
Bundan əlavə, 46 280 abituriyent I-IV qruplarla yanaşı V qupu da elektron ərizələrində qeyd edib. Abituriyentlərin (subbakalavrların) imtahan zamanı yerinə yetirdikləri tapşırıqlar müvafiq sahə mütəxəssisləri tərəfindən qiymətləndirilir. Hər imtahandan sonra hər bir komissiyanın əsasında Apelyasiya komissiyası fəaliyyət göstərir. XQTİ-lərə qəbul üçün qabiliyyət imtahanları 4 istiqamət üzrə keçirilir.
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq
4. Teatr, kino və xoreoqrafiya sənəti
Ali təhsil müəssisələrinin XQTİ-lərinə qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək. Ümumilikdə 34 Qabiliyyət İmtahanı Komissiyasının(QİK) təşkili nəzərdə tutulub.
İslamşünaslıq ixtisasına qəbul üçün müsahibələrin keçirilməsi 9 sentyabr tarixindən başlayıb. Müsahibələrdə iştirak üçün 174 abituriyent qeydiyyatdan keçib. Karantin rejiminin abituriyentlər üçün yaratdığı əlavə çətinlikləri nəzərə alaraq Naxçıvanda yaşayan abituriyentlərin müsahibədə iştirakını təmin etmək məqsədilə onlar üçün onlayn müsahibənin keçirilməsi nəzərdə tutulur. İslamşünaslıq ixtisası üzrə müsahiblərin 16 sentyabra qədər keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, İslamşünaslıq ixtisası üzrə müsabiqəyə III ixtisas qrupu üzrə ən azı 150, o cümlədən 2-ci mərhələ üzrə ən azı 50 bal toplayan və müsahibədən məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.
Memarlıq ixtisasına qəbul üçün qabiliyyət imtahanları 16-18 sentyabr tarixlərində keçiriləcəkdir. Bakıda fəaliyyət göstərən Memarlıq(40) komissiyası üzrə qabiliyyət imtahanında məqbul qiymət alan abituriyentin nəticəsi Naxçıvanda fəaliyyət göstərən Memarlıq (77) komissiyasına şamil edilir. Memarlıq ixtisası üzrə müsabiqəyə I ixtisas qrupu üzrə ən azı 200 bal toplayan və xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) buraxılırlar.
Qabiliyyət imtahanından və müsahibədən uğurla keçən abituriyentlər müvafiq ixtisas qrupları üzrə müsabiqə şərtini yerinə yetirdikləri halda ixtisas seçimi zamanı bu qrupların XQTİ-si ilə yanaşı digər ixtisaslarını da seçə bilərlər.