AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ arxeoloji ekspedisiyası yaradılacaq.
"Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası fəaliyyət göstərir. Ekspedisiya hazırda işğaldan azad olmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntıların və tədqiqatların həyata keçirilməsi, maddi mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, eyni zamanda erməni vandalizminin izlərinin aşkarlanması sahəsində uğurla fəaliyyət göstərir. Həyata keçirilən arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.