Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov payız imtahan sessiyası ərəfəsində Ali Məktəbin tələbələri ilə onlayn görüş keçirib.
BANM-dən "Report"a verilən məlumata görə, 1000-ə yaxın tələbənin iştirak etdiyi görüşdə distant təlim-tədris prosesi, imtahanlara hazırlıq prosesi, tələbələrin qarşısına çıxan çətinliklər müzakirələr edilib.
Rektor bildirib ki, təhsildə tətbiq edilən müasir kommunikasiya metodlarının nəticəsidir ki, Bakı Ali Neft Məktəbində tədris prosesini vaxtında yekunlaşdırmaq və imtahanları onlayn qaydada uğurla təşkil etmək mümkün olub.
“Ali Məktəbimizdə imtahanlar mövcud qaydalara, yerli və beynəlxalq standartlara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. Eyni zamanda, tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb, müvafiq qərar qəbul edilməsi həyata keçirilir. Hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, obyektivliyə tam zəmanət verilir”, - E.Qasımov qeyd edib.
Görüşdə tələbələrin əldə etdikləri uğurları və qarşıda duran perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra, tələbələrin müxtəlif mövzular üzrə sual, müraciət və təklifləri dinlənilib, onların bütün sualları rektor tərəfindən ətraflı cavablandırılıb.
Sonda rektor tələbələrə yeni semestrdə uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb.