Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ

Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ Yenİ tədris ilindən Bakıda fəaliyyətə başlayacaq Türkiyə Azərbaycan Universitetinin (TAU) I kursunda kompüter, sənaye və qida mühəndislikləri fakültəsi üzrə ümumilikdə 87 tələbənin təhsil alacağı açıqlandı. TAU-da kompüter mühəndisliyi ixtisasında Orta D
Elm və təhsil
29 Avqust , 2024 12:42
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ

Yeni tədris ilindən Bakıda fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin (TAU) I kursunda kompüter, sənaye və qida mühəndislikləri fakültəsi üzrə ümumilikdə 87 tələbənin təhsil alacağı gözlənilir. TAU-da kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi sahəsində İstanbul Texniki Universitetinin (İTU) qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran "Report"un Ankara bürosuna müsahibəsində universitetin fəaliyyət istiqamətləri, eləcə də qarşılıqlı əməkdaşlıq və digər fəaliyyətlərə dair danışıb:

- Cənab rektor, Qırğızıstanda Manas, Qazaxıstanda Ahmed Yasevi universitetləri fəaliyyət göstərir. Sizcə, TAU-nun bu universitetlərdən fərqi nə olacaq və bu təhsil ocağı Türk dünyasının təhsil sisteminə necə təsir edəcək?

- TAU-nun yaradılması iki ölkə arasında var olan tarixi, mədəniyyət və digər əlaqələri daha çox gücləndirəcək bir addımdır. Həm ölkə başçılarımız cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev, həm Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, həm Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, həm də Türkiyənin üç nüfuzlu universitetinin rəhbərliyi və bu məsələdə xidməti olan digər şəxslər baxımından bu, bizim üçün önəmli, qürurverici, tarixi bir hadisədir.

Qırğızıstanda Manas, Qazaxıstanda Ahmed Yasevi universitetləri Türkiyə ilə əlaqələri möhkəmləndirir. Bəlkə indiyədək Azərbaycanla Türkiyənin sahib olduğu bağların gücü iki ölkə arasında belə bir universitetin açılmasına ehtiyac hiss etdirməyib. Çünki indiyə qədər “Türkiyənin təhsil müəssisələri Azərbaycanındır və ya əksinə” deyə bir düşüncədə olmuşuq. Amma dövlət başçılarımızın liderliyi və təklifi ilə belə bir universitetin yaranması zərurəti ortaya çıxanda, sözün doğrusu, ürəyimizcə oldu. Çünki daha öncə qurulan digər adıçəkilən iki universitetdən fərqli olaraq TAU yeni nəsil təhsil universiteti kimi Türkiyə üçün yeni bir addımdır. Yəqin ki, Azərbaycan üçün də belədir.

Fərqindəsinizsə, nə Manas adına, nə də Ahmet Yasevi adına universitetlərdə Türkiyənin adı keçmir. Onlar ayrıca bir universitet olaraq fəaliyyət göstərirlər. Halbuki TAU-da İTÜ, ODTÜ və Hacettepenin adı çəkilir. Yəni bilavasitə bu təhsil ocağı Türkiyənin ən güclü üç universitetinin akademik himayəsi, nüfuzu, adı, təcrübəsi, veriləcək diplomları ilə qurulan universitetdir. Əslində, TAU bu il fəaliyyətə başlasa da, Hacettepenin 57, ODTÜ-nün 67 illik təcrübəsi burada özünü göstərəcək. 1773-cü ildə əsası qoyulan İTÜ-ün təhsil təcrübəsi isə iki əsr yarıma yaxındır. Ona görə də TAU-dakı təhsil sistemi daha fərqli, interaktiv, modern və ağıllı düşünülmüş bir təhsil modelidir.

Biz bu universitetin təhsil proqramlarının məsuliyyətini öz üzərimizə götürürük. TAU-nun məzunları ixtisaslarına uyğun Hacettepe, ÖDTÜ və İTÜ-dən də diplomlar alacaqlar. Hər üç universitet dünya təhsil sistemində böyük nüfuza sahib olan, sağlam rəqabətdə ön sıraları tutan təhsil müəssisələridir. Ona görə Hacettepe Universitetinin rəhbəri olaraq deyə bilərəm ki, bizim universitetin müəllim heyəti tələbələrimizə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.

Burada ikinci bir vacib məsələ odur ki, TAU-nun tələbələri ikidiplomlu məzun olacaqlar. Qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq. Məsələn, həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq.

- Bu təhsil proqramında iştirak etmək təklifi sizin tərəfinizdən verildi, yoxsa sizə belə bir təklif gəldi?

- Hər üç universitetin Türkiyədə sağlam təməllər üzərində qurulan ən güclü təhsil müəssisəsi olduğunu bildirdim. Çox güman ki, Azərbaycan tərəfi də bunun fərqində olduğu üçün bu universitetlər də sizin ölkə tərəfindən seçilib. Çünki hər iki dövlətin başçısı, Azərbaycanın Elm və Təhsil Nazirliyi, YÖK, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi rəhbərliklərinin məsləhətləri və müzakirələri nəticəsində belə bir universitetin qurulması məsələsi aktuallaşıb. Hacettepe Universiteti də dövlət təhsil müəssisəsidir, bizə gələn təklifi məmnuniyyətlə icra etməyə hazır olduğumuzu bildirdik.

Bizim universitet qida mühəndisliyi üzrə kadr hazırlığına başlayacaq. Fevral ayında verilən bir qərardan və qəbul olunmuş müqavilədən sonra çox qısa zamanda bu universitet açıldı. Və bu fəaliyyətinə sürətli şəkildə başlayan bir təhsil müəssisəsi üçün ilkin mərhələdə qida mühəndisliyi əsas götürülüb. Hesab edirəm ki, digər iki universitetlə müqayisədə bizim universitet daha çox tibbə, sağlamlığa önəm verdiyi üçün bu sahə bizə uyğun görülüb. Bunun üçün də sadəcə təhsil üçün bina ayrılması yetərli deyil. Bunun laboratoriyaları, xəstəxanaları var. Bu cür ehtiyaclara cavab verə biləcək təhsil şəraitinin yaradılması məsələsi qarşıda durur. Təbii ki, üç universitetin uzmanlıq, ixtisaslaşmış sahəsini müqayisə etsək, gələcəkdə bizim universitet üçün tibb sahəsinə ağırlıq veriləcəyini düşünürəm.

- TAU-ya kadr təyinatınız necə olacaq?

- Müqaviləyə görə, dərsləri tədris etmək üçün Türkiyədən müəllimlər göndəriləcək. Müqavilə şərtlərində də göstərilir ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək universitetin müəllim heyəti İTÜ, ODTÜ və Hacettepe universitetlərindən dəvət olunacaq. Yəni buradan müvəqqəti gedən müəllimlərlə yanaşı, daimi dərs demək üçün orada yaşayan müəllimlərimiz də olacaq.

- Bəs gələcəkdə bu mexanizmin necə olacağı gözlənilir?

- 5-10 il sonra prosesin necə olacağı barədə danışmaq hələ tezdir. Necəliyi prosesin gedişinə bağlıdır. TAU-nun qısa zamanda öz ayaqları üstündə dura bilən, artıq özü öz kadrlarını təmin edə biləcək bir gücə sahib olacağını güman edirəm. Özündə bu üç universitetin kültürünü, qaydalarını, standartlarını formalaşdıran, tətbiq edən bir universitet halına gəldikdən sonra Hacettepe buradan dəstəyini yüngülləşdirə bilər. Kadr məsələsi tamamən TAU tərəfindən idarə ediləcək bir məsələdir, bizim vəzifəmiz deyil. Amma bəlkə kadr məsələsində biz müəllimin hər hansı keyfiyyət və xüsusiyyətlərin daşıyıcısı olmasına aid bəzi təkliflər verə, təhsildə müəyyən standartların olmasını irəli sürə bilərik. Bütün bunlar da zaman daxilində formalaşacaq proseslərdir.

- İlkin mərhələdə Hacettepedən neçə müəllimin göndərilməsi nəzərdə tutulur?

- Bunu da bəri başdan öyrənmək asan məsələ deyil. İlkin olaraq qida mühəndisliyində 27 tələbənin olacağı açıqlandı, sonrakı mərhələdə bunun 50-yə çatdırılması kimi gündəmimiz var. Amma proqram sayı artdıqca say dəyişəcək. Hazırda 3 proqram var: qida, kompüter və sənaye mühəndislikləri. Yəni I kurs tələbələrinə keçiriləcək dərslər bəlkə ilk mərhələdə dörd müəllimlə idarə oluna bilər. Deyək ki, birinci kursda ixtisas üzrə bir dönəmdə həftədə 6-7 dərs olur. Müəllim iki həftədə 12-14 dərsi birləşdirib, gedib iki gün dərsini verə bilər. Bu minvalla II kursda akademik kadr ehtiyacı da artmaqla müəllim sayı ikiqat artar. Yəni bu ardıcıllıqla davam edəcək. Daha yuxarı kurslarda 15-20 müəllimə ehtiyac ola bilər. O halda müəllimlərin hamısı buradan mütəmadi gedib-gəlməyəcək. 3-4-ü orada daimi işə alınacaq.

Bütün bunlar hörmətli YÖK rəhbərinin, Azərbaycan elm və təhsil nazirinin də daxil olduğu Qəyyumlar Şurasının qərarı ilə müəyyənləşəcək. Mənim təxminlərimə görə, konkret vəziyyət 2-3 il ərzində müəyyənləşəcək. Hazırda biz qida mühəndisliyi üçün oraya bir müəllim göndərməyə hazırlaşırıq.

- Azərbaycana göndəriləcək müəllimlərin kimliyi bilinirmi?

- Xeyr.

- Bu təhsil modeli Türkiyə üçün ilkdir dediniz. Bəs Azərbaycan universitetləri ilə rəhbərlik etdiyiniz müəssisənin başqa əməkdaşlıqları varmı?

- Bəli. Universitetlərimizdə ikili diplom proqramları var. Azərbaycan universitetləri ilə Hacettepe Universitetinin Beynəlxalq Tələbə Mübadilə Proqramı icra olunur. Azərbaycanla əsasən Mevlana Dəyişim proqramlarımız mövcuddur. Bu proqram çərçivəsində Azərbaycanın İqtisad Universiteti, Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələrimiz var.

- Azərbaycanda xüsusilə tibb sahəsində ali məktəblərə qəbulda uğur qazanan abituriyentlərimiz, tibb sahəsində rezidentura təhsili alan tələbələrimiz əsasən Hacettepe Universitetini seçirlər. Hazırda universitetinizdə nə qədər azərbaycanlı tələbə təhsil alır?

- 200-dən çox tələbə və aspirantımız var ki, onların əksəriyyəti tibb sahəsindədir. Bundan başqa, səhiyyə sahəsində mütəmadi kurslar üçün müraciətlər edilib, təhsil alıb, təcrübə öyrənib qayıdanlar da az deyil.

Əslində, təkcə Azərbaycanda yox, Türkiyədə də tibb sahəsində ilk tərcih edilən bizim universitetdir. Ali təhsil müəssisələrinə (YKS) son qəbul imtahanında səhiyyə ilə bağlı ən yüksək balla tələbə adını qazananların, demək olar ki, hamısı Hacettepe Universitetini seçib. Bura tibb sahəsindəki bütün ixtisaslardan tutmuş, tibb bacısı, dietoloq, uşaqların inkişafı, loqopetlər, psixoloq peşələri də daxildir. Bu da əslində yüksək keyfiyyətin göstəricisidir. Son dönəmlər digər sahələrdə - mühəndislik, hüquq və digər texniki, humanitar sahələrdən də yüksək bilik səviyyəsində olan tələbələr bizim universiteti tərcih edirlər.

- Cənab rektor, bu aralar qidanın əhəmiyyəti baxımından amerikalı yazar Deril Coffrinin (Daryl Gioffre) “Hər şey tabaqda başlar” kitabından çox danışılır. Qida mühəndisliyi həqiqətən çox önəmli bir sahədir...

- Bəli doğrudur. Sözünüzü kəsdim, çünki sualınızın nə olduğunu təxmin etdim. Qidalanmaq insanın gündəlik tələbatını və enerjisini təmin edəcək ən vacib mövzudur.

Bəzi sahələr var ki, Azərbaycanda da yetərincə tanınmır. O cümlədən də qida mühəndisliyi. Biz yeməyi, adət-ənənələrimizdə, ailəmizdə necə görmüşüksə, eləcə də həyatımıza tətbiq edirik. Halbuki qida təhlükəsizliyi hazırda ən aktual məsələyə çevrilib. Nə yediyimizi mütləq bilməliyik. Məsələn, bir qida mühəndisi qofretin (vafli) tərkibini araşdırsa, orada təbii heç nə olmadığını ortaya çıxaracaq. Halbuki qofret bir çox insanın “olmazsa, olmaz”ıdır.

GEMO məhsullarının insan orqanizminə vurduğu ziyan öyrənilməli və qarşısı alınmalıdır. Bu baxımdan, qida mühəndisliyi ən çox ehtiyac duyulan bir sahəyə çevrilib. Ona görə Azərbaycanda bu sahədə mütəxəssis yetişdirməyi biz də arzu edirik.

Yeri gəlmişkən, bir mövzuya da toxunmaq istəyirəm. Bizim universitetin Naxçıvan Dövlət Universiteti, Naxçıvan Səhiyyə Nazirliyi və dövlət xəstəxanası ilə əməkdaşlığı var. Biz tibb bacısı ixtisasının Azərbaycanda yetərincə dəyərləndirilmədiyini düşünürük. Tibb bacısı (yaxud tibb qardaşı) ixtisası üzrə təhsil iki illə natamam qalır, halbuki tam təhsilin alınması mütləqdir. Türkiyədə bu ixtisas 4 illik təhsil proqramı ilə başa çatır. Hacettepe Universiteti olaraq biz buna çox önəm veririk. Çünki onlar həkimlərin ən böyük dəstəkçisidir, yarı həkimdirlər. Doğrudur, bizdə də kişilər arasında bu peşəni seçənlər azdır. Bizim universitetimizin, xəstəxanalarımızın böyük uğuru tibb bacısı üzrə kadrların güclü bazada hazırlanmasına əsaslanır. Mərhum İhsan Doğramacı Hoca Hacettepede tibb fakültəsini qurduğu zaman həmşirəlik fakültəsini də yaradıb. Keyfiyyətli tibbi xidmətin əsas bazası keyfiyyətli həmşirə kadrına bağlıdır. Onların 4 illik təhsilinin son bir ili xəstəxanalarda iş başında keçir və sonra məzun olurlar. Hazırda bizim kadrlarımız dünyanın hər yerində var. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə TAU-da müasir təhsil standartlarına cavab verən güclü kadrlar yetişdirəcəyik.

Son olaraq onu da demək istərdim ki, 1994-cü ildə bizim universitet Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə fəxri doktor adı verib. Mən bunu Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı tədbirlərdə hər zaman qürurla söyləyirəm. 2024-cü ildə, 30 il sonra biz bunu bir tarixi hadisə olaraq fəxrlə danışırıq. Əminəm ki, bir 30 il sonra da TAU-nun bol uğurlarından bəhs ediləcək. TAU-nun Türk dünyasında da çox gözəl nümunəvi rolunun olacağına inancım tamdır.

Son xəbərlər

Orphus sistemi