Şimali Kiprin təhsil naziri: Azərbaycanla yeni işbirlikləri barədə ən qısa zamanda addımlar atılacaq - MÜSAHİBƏ

Şimali Kiprin təhsil naziri: Azərbaycanla yeni işbirlikləri barədə ən qısa zamanda addımlar atılacaq - MÜSAHİBƏ Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələri günü-gündən genişlənməkdədir. Sevindirici haldır ki, xalqlarımız arasında bütün sahələrində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Bununla belə, humanitar, mədəniyy
Elm və təhsil
30 May , 2024 11:32
Şimali Kiprin təhsil naziri: Azərbaycanla yeni işbirlikləri barədə ən qısa zamanda addımlar atılacaq - MÜSAHİBƏ

Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələri günü-gündən genişlənməkdədir. Sevindirici haldır ki, xalqlarımız arasında bütün sahələrində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var. Bununla belə, humanitar, mədəniyyət, idmanla yanaşı, təhsil sektorunda da əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə ehtiyac duyulur. Digər Türk dövlətləri ilə bərabər, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də bu məsələdə mühüm rola malikdir.

Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu "Report"a müsahibəsində ŞKTC-dəki təhsil imkanları, oradakı təcrübənin digər Türk dövlətləri, o cümlədən Azərbaycanla mübadiləsi barədə danışıb:

- Cənab nazir, Azərbaycana ilk səfərinizdir, ölkəmizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.

- Azərbaycana gəlməkdən və burada qardaş ölkələrin bayrağını yan-yana görməkdən qürurluyam. Vətən müharibəsində qazanılmış böyük qələbəyə görə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edirəm. Bu qələbə türk millətini sevindirib, qürurlandırıb, başını uca edib. Milli mübarizədəki qələbə xeyirli və uğurlu olsun. Biz özümüzü Azərbaycan xalqı ilə bir görürük. Ona görə azərbaycanlıların sevinci və kədəri bizim ortaq duyğularımızdır.

- Azərbaycanlı gənclərin təhsil üçün daha çox üz tutduqları ölkələrdən biri də Şimali Kipr olub. İndi isə vəziyyət bir qədər dəyişib, oradakı azərbaycanlı tələbələrin sayı ötən illərlə müqayisədə azalıb. Bu nə ilə əlaqədardır?

- Azərbaycan xalqı ilə yaxşı münasibətlərin mövcud olduğu bir regionda yaşayırıq. İstər iş üçün, istərsə də təhsil üçün Şimali Kiprə üz tutan azərbaycanlı qardaşlarımız var. Lakin biz istərdik ki, Azərbaycandan ölkəmizə gələn insanların sayı artsın. Hazırda ŞKTC-də 100 müxtəlif ölkədən gəlmiş tələbə təhsil alır. 40 ölkədən isə tədris prosesinə qoşulmaq üçün gələn müəllim, professor heyəti var. Həmin tələbələr arasında azərbaycanlı tələbələr də mövcuddur, lakin təəssüf ki, indi onların sayı, sizin də qeyd etdiyiniz kimi, əvvəlkinə nisbətdə azalıb.

Şimali Kiprdə dövlət təqaüdü hesabına təhsil alan azərbaycanlı tələbələrimiz də olub. Ümid edirik ki, bundan sonra da olacaq. Fikrimcə, azərbaycanlı tələbələrə təhsil imkanlarımızı kifayət qədər tanıda bilməmişik və ona görə onların sayında azalma müşahidə olunur. Lakin inanırıq ki, Bakıda keçiriləcək təhsil sərgisində universitetlərimizi tanıtmaq imkanı əldə edəcəyik. Şimali Kiprdən gəlmiş rektorlarımız da azərbaycanlı həmkarları ilə görüşlər keçirir və yaxın gələcəkdə təhsil sahəsində atıla biləcək addımlarla əlaqədar müzakirələr aparırlar.

- Hazırda, Şimali Kiprdə neçə azərbaycanlı tələbə tədris alır?

- Bu gün 300-ə yaxın azərbaycanlı tələbə Şimali Kipr universitetlərində təhsil alır.

- Azərbaycana təhsil sərgisi üçün gəldiyinizi dediniz. Şimali Kiprdə təhsil imkanlarının tanıdılması və buradakı təhsili azərbaycanlı tələbələr üçün daha cəlbedici etmək üçün hansı layihələr var?

- Bunun üçün tələbə və müəllim dəyişmə proqramları icra etmək istəyirik. Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə quracağımız əlaqələr sayəsində dövlət təhsil müəssisələrində işləyən müəllimlərlə sosial-mədəni münasibətlərimizi inkişaf etdirməklə əlaqələrimizi daha da genişləndirəcəyimizi düşünürük. Azərbaycana ilk dəfə gəlsəm də, inanıram ki, münasibətlərimiz inkişaf etdikcə iki ölkə arasında gediş-gəliş daha da çoxalacaq. Universitetlərimizdə bütün sahələr üzrə fakültələr mövcuddur.

Şimali Kipr turistik ölkədir və kifayət qədər təhlükəsiz yerdir. Şimali Kipr, eyni zamanda, fikir, söz azadlığının olduğu bir yerdir. Bu mənada, orada təhsil almaq azərbaycanlı tələbələrin öz dünyagörüşlərini genişləndirməsi üçün faydalı ola bilər. Biz, həmçinin azərbaycanlı şəhid ailəsinin üzvü olan bir neçə tələbəyə təqaüd verməyi planlaşdırırıq. Hesab edirəm ki, Türkiyə, Azərbaycan və Şimali Kipr dostluğunun, “tək millət, üç dövlət” anlayışının sadəcə sözdən ibarət olmadığını göstərməliyik. Əminəm ki, bizim birliyimiz ölkələrimizi daha da güclü edəcək.

- Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə iki ölkə arasında razılığa gəlinib. Həmin universitetə Şimali Kiprdən olan müəllim, professor heyətinin cəlb olunma ehtimalı varmı?

- Biz bunun dəstəkçisiyik. Türkiyə və Azərbaycan uyğun görərsə, əlbəttə, sözügedən layihəyə daxil olmaq istəyərik. Qeyd etdiyim kimi, rektorlarımız hazırda Azərbaycandadır və düşünürəm ki, bu kimi məsələlər müzakirə olunacaq. Ehtiyac olan sahələrdə Şimali Kiprdən olan müəllimləri Türkiyə-Azərbaycan universitetinə cəlb etməyə hazırıq. Müəllimlərin buradakı universitetlərə cəlb olunması ilə qarşılıqlı sosial-mədəni əlaqələrimizi inkişaf etdirəcəyimizə inanıram.

- Türkiyə-Azərbaycan nümunəsində olduğu kimi, Şimali Kiprlə Azərbaycan arasında da ortaq universitetin yaradılması mümkündür?

- Fikrimcə, yeni universitet qurmaq əvəzinə mövcud olanları ortaqlaşdıra bilərik. Universitetlərlə münasibətləri daha da inkişaf etdirərək istər müəllim, istərsə də tələbə dəyişmə proqramları ilə ikili diplomlar təsis etmək mümkündür. Rektorlarımız sözügedən məsələ barədə də danışıqlar aparır.

- Təhsil naziri Emin Əmrullayevlə də görüşünüz zamanı bəhs etdiyimiz məsələlərin müzakirəsi gözlənilir?

- Bəli, yuxarıda bəhs etdiyim məsələlərin hər biri gündəliyimizdə olan məsələlərdir.

- Şimali Kipr Prezidenti cənab Ersin Tatarın Azərbaycana səfəri zamanı bir çox sahələrdə iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi üçün razılığa gəlindi. Bəs təhsil sahəsində hansı yeniliklər mövcuddur?

- Mən məhz bununla əlaqədar Azərbaycana səfərə gəlmişəm. Təhsil naziri ilə görüşümüzdən sonra hansı sahələrdə işbirlikləri edə biləcəyimiz ortaya çıxacaq. Ondan sonra verilən qərarlara adekvat olaraq ən qısa zamanda addımlar atılacaq.

- Hazırda Şimali Kipr və Azərbaycan arasında tələbə dəyişmə proqramı mövcuddur?

- Xeyr, təəssüf ki, yoxdur. Əgər razılığa gəlsək, bundan sonra olacaq.

- Şimali Kipr Respublikasının Bakıdakı nümayəndəliyində təhsil müşaviri yoxdur. Yeni qərar verilməsi və Azərbaycana yeni təhsil müşaviri təyin olunması ehtimalı var?

- Bəli, ən qısa müddətdə Azərbaycandakı nümayəndəliyimizə təhsil müşaviri göndərəcəyik. Hesab edirəm ki, müşavirimiz iki ölkə arasında təhsil sahəsindəki münasibətləri daha sağlam və daha sürətli idarə edə biləcək. Yaxın gələcəkdə bununla bağlı addımlar atılacaq.

- Ölkənizdə təhsil sahəsində nə kimi yeniliklər var? Ümumiyyətlə, tək Azərbaycan yox, əcnəbi tələbələri təhsilə cəlb etmək üçün hansı işlər həyata keçirilir?

- Təhsil verdiyimiz tələbələrin 60 faizi əcnəbilərdir. Geriyə qalan 30 faiz türkiyəli, 10 faiz isə yerli tələbələrdir. Şimali Kiprdə Afrika, Avropa, ABŞ-dən də tələbələr təhsil alırlar. Universitetlərimiz dünya reytinqləri sırasında kifayət qədər yaxşı yerləri tutur və getdikcə yüksəlməkdədirlər. Bugünkü statistikaya baxsaq, Şimali Kiprdə 100 min tələbə təhsil alır. Kiçik bir ada ölkə üçün bu rəqəm kifayət qədər böyükdür.

Son xəbərlər

Orphus sistemi