Sumqayıt şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tikilən tədris binasının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Arzu Alızadə iştirak edib.
Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Açılış mərasimində giriş nitqi ilə çıxış edən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt təhsilinin uğurlarından bəhs edib və 2020-2021-ci tədris ilində əldə edilən nəticələri iştirakçıların diqqətinə çatdırıb.
Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkəmizdə məktəb infrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından söz açıb.
Bildirilib ki, yeni tikilmiş məktəb 1800 şagird yerlikdir. 73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 9 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, 2 məktəbəhazırlıq otağı, 390 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Məktəbdə 112 nəfər pedaqoji işçi fəaliyyət göstərir və yeni tədris ilində 2500-ə yaxın şagird təhsil alacaq.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.