"Koronavirusa yoluxma sayının aşağı olması bir çox xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub. Bakıda cəmi iki tibb müəssisəsi koronavirus xəstələri üçün çalışır".
Bunu "Report"un Şamaxıya ezam olunan əməkdaşının sualını cavablandıran TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov deyib.
TƏBİB rəhbəri bildirib ki, bu, aktiv xəstə sayının azalmasından irəli gəlir.
O qeyd edib ki, hazırda stasionar şəraitdə müalicə alan şəxslərin sayı nəzərə çarpacaq dərəcədə azdır:
"Vətəndaşlardan bir daha xahiş edirik ki, gigiyenik qaydalara yenə də əməl edilsin. Çünki pandemiya hələ də davam edir. Bütövlükdə bu sahədə nəzarət tədbirlərimiz hələ də davam edir".
"Azərbaycanda vaksinasiya ilə bağlı ümumi statistikaya baxsaq görərik ki, peyvəndləmə ilə bağlı rəqəmlər kifayət qədər yaxşıdır", - TƏBİB rəhbəri əlavə edib.