"Yaxın 1-2 il ərzində ibtidai sinif dərslikləri tam yenilənmiş olacaq. Bu dərsliklərdə həm iş dəftərləri, həm də müəllimlər üçün bələdçi kitabçası var".
"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bəzən məllimlər bələdçi kitabçasından o qədər də istifadə etmirlər: "Çünki onlar hələ yeni çağırışlara uyğunlaşa bilmir və bu da başa düşüləndir".
İnstitut direktoru deyib ki, yeni tədris ilində Azərbaycan dili (dövlət dili kimi) və Riyaziyyat dərsliklərinin ümumilikdə 230 məktəbin III və IV siniflərində pilot sınağı təşkil ediləcək: "İbtidai siniflərdə xarici dilin inkişaf etdirilməsi üçün "English Happy Campers" kitabları bizim konteksə uyğun adaptasiya olunub. I-II siniflərdə pilot layihə başa çatdırılıb. Bu dərsliyin III siniflərdə yeni tədris ilində pilot sınağı həyata keçiriləcək. I-IV siniflər üzrə Həyat bilgisi fənninin məzmununda təbiət fənlərinə aid hissələrin artırılması və inteqrativ şəkildə məzmun hazırlanması hədəflənir".
7 istiqamət üzrə təmayül sinifləri üçün 8 fənninin tədris proqramının hazırlandığını deyə R.Əzizov əlavə edib ki, proqramlarda şagirdlərin müvafiq təmayül istiqamətləri üzrə ali təhsilə hazırlıqları qarşıya məqsəd kimi qoyulub: "VII -IX siniflər üçün Fiziki, Kimya və Biologiya fənlərinin təhsil proqramlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Riyaziyyat fənninin I-IX siniflər üzrə məzmunu təhlil edilib, beynəlxalq qiymətləndirmə tədqiqatlarına uyğunluğu araşdırılıb. Hazırda Riyaziyyat fənninin təhsil proqramının təkmilləşdirilməsi prosesinə başlanılıb".