Təhsil Nazirliyi son günlər bəzi məktəblərdə qeydə alınan neqativ hallara münasibət bildirib.
"Report" xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında ölkədə 4000-dən çox məktəbin olduğunu, 150 min müəllimin çalışdığını, 1 milyon 600 min şagirdin təhsil aldığını xatırladıb.
Nazir bildirib ki, çox milyonluq qrupda mütəmadi olaraq hər hansı bir neqativ hallar olur: "Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb".
Onun sözlərinə görə, sistemin böyük olması səbəbindən hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konfliktin yaranması qaçılmazdır: "Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il onlarla direktor işdən ayrılır, rayon-şəhər təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir".
E.Əmrullayev qeyd edib ki, bu davamlı prosesdir: "Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4 400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var. Bu kifayət qədər mürəkkəb prosesdir və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".