Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği açıqlanıb.
“Report” xəbər verir ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir.
Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.
Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Fondun fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq.
Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlər üzrə istifadə edəcək:
- Fondun saxlanılması xərclərinin maliyyələşdirilməsi;
- təhsil tələbə kreditlərinin maliyyələşdirilməsi;
- dövlət qiymətli kağızlarının əldə olunması;
- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklarda depozitlərin yerləşdirilməsi.