“Report” un Şərqi Avropa bürosunun Vadim Getman adına Kiyev Milli İqtisad Universitetinin rektoru Dmitri Lukyanenko ilə müsahibəsi:
- Rəhbərlik etdiyiniz universitet ilə Azərbaycanın təhsil müəssisələri arasında və ya ümumiyyətlə, Azərbaycanla hansısa əməkdaşlıq mövcuddurmu?
- Təşəkkür edirəm, bu sualı cavablandırmaq mənə xoşdur, çünki kifayət qədər möhkəm dostluq, yaradıcılıq əlaqələrimiz var. Məsələn, TEMPUS proqramı çərçivəsində 2013-2017-ci illərdə Azərbaycanın dörd universiteti, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə UNIVIA həyata keçirdik. Layihə çox uğurlu idi - universitetlərin beynəlxalq bölmələrinin inkişafı və beynəlmiləlləşmə strategiyasının hazırlanması. Bu, həm mövcud, həm də yeni tərəfdaşlarla akademik, elmi və mədəni əməkdaşlığı genişləndirməyə imkan verdi. Bu layihənin əsas tərəfdaşlarının Azərbaycan ərazisindəki görüşü maraqlı hadisə oldu. Bu, 2017-ci ilin mart ayında baş verdi. Forum təmsilçilik baxımından zəngin oldu, orada İtaliya, İspaniya, Böyük Britaniya, Azərbaycan və Ukrayna universitetləri iştirak etdi.
Bundan əlavə, 2015-2019-cu illərdə Tələbə ombudsmanı kimi institutun yaradılması üzrə layihə həyata keçirdik. Çox maraqlı layihə idi. Layihədə Azərbaycan tərəfdən Xəzər Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Özəl Universiteti və Qafqaz Universiteti iştirak etmişdi. Bu layihənin universitetlərimizdə Tələbə ombudsmanı institutunun yaradılması ilə nəticələndiyini qeyd etmək xoşdur.
İndi çətin pandemiya dövrüdür. Amma buna baxmayaraq bugünlərdə Mingəçevir Dövlət Universitetindən olan həmkarlarla onlayn konfrans keçirildi. Qeyd etməliyəm ki, müəllimlərimiz bu universitetin tələbələri və aspirantları üçün ingilis dilində bir sıra onlayn mühazirələr oxuyurlar. Sonuncusu bugünlərdə reallaşdı. Bu, çox gözəldir.
Başqa nə etdiyimizdən danışsaq, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Biznes Universiteti ilə iki universitetlərarası memorandumumuz var. Orada həyata keçirdiyimiz bütün əməkdaşlıq formaları, o cümlədən elmi, akademik mübadilə və s. əks olunub.
İnstitusional əməkdaşlıq formalarından əlavə, daha yumşaq formalar da var, məsələn, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərkən avtoreferatlara dair fikir mübadiləsi aparırıq. Yeri gəlmişkən, mən özüm də vaxtilə keçmiş Xalq Təsərrüfatı İnstitutunda, indiki Dövlət İqtisad Universitetində fəlsəfə doktoru (PHD) üzrə referata rəy vermişəm. Əla iş idi. Bizdə bir neçə jurnal var. Bunlardan biri ikidillidir - ingilis və ukrayn dillərindədir. Bu jurnallarda magistr işləri yazan abituriyentlərinizin nəşrləri var.
Perspektivlərdən danışırıqsa, təbii ki, onlar göz qabağındadır. Birincisi, vurğulamaq istərdim ki, son illərdə məlum siyasi və iqtisadi səbəblərə görə Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq fəallaşıb. Artıq aktuallığını itirmiş razılaşmaları yeniləyən təhsil nazirliklərinin, nazirimiz cənab Şkarletin təşəbbüsləri və ya işləri buna nümunə ola bilər. Akademik əməkdaşlıq üçün üçün dövlətin dəstəyi xüsusilə vacibdir, bunun hökumətlərarası münasibətlər olması önəmlidir. Belə olanda onlar çərçivəsində tələbə, akademik və müəllim mübadilələrini həyata keçirmək daha asan olur.
Bazarımız maraqlıdır, bizdə təkcə Ukrayna dilində proqramlar yox, eyni zamanda ingilis dilində bakalavr və MBA proqramı da var, məsələn Amerika, Avropa universitetləri ilə ikili və ya ümumi diplom almaqla bağlı bir sıra proqramlarımız var. Qərb ölkələrindən 50-dən çox avropalı tərəfdaşımız var. Düşünürəm ki, bu bizim gələcəyimizdir. Onsuz da işləyəcəyik, amma daha çox dəstək görmək istərdik. İndi bu dəstək göz qabağındadır, xüsusən də nazirlik tərəfindən. Prosesə yeni dinamika verməliyik, bax o zaman tərəfdaşlığımızı çox yaxşı inkişaf etdirə biləcəyik. Bunun dəyəri isə aydındır.
- Gələcəkdə Azərbaycan və Ukrayna universitetləri arasında hansı proqramları təklif edərdiniz?
- Magistr və PHD proqramlarından başlayardım.
- Nə üçün?
- Mənə elə gəlir ki, belə intellektual, artıq qabaqcıl səviyyədə yaxınlaşmaqla bakalavr proqramlarında mübadilə etmək daha asan olacaq. Üstəlik,magistr proqramlar kompaktdır - 1,5 ildir. Üstəlik bu müxtəliflikdir, məsələn, tələbə sizin bakalavr dərəcəsini alır, sonra da bizdə magistr proqramına daxil olur. Bu, normaldır, bu, onun diversifikasiyasıdır, inkişafıdır. PHD proqramlarına da eyni şey aiddir. Düşünürəm ki, tezliklə avropalı həmkarlarımızla etdiyimiz kimi, PHD proqramlarına ikili rəhbərlik edəcəyik. Məsələn, sizin aspirantınız, rəhbəriniz və bizim rəhbərimiz. Ancaq bunun reallaşması üçün yeni qrantlar, yeni münasibətlər, yeni səfərlər, yeni ünsiyyətlər lazımdır. Düşünürəm ki, o zaman bu, çox effektiv olacaq. Paralel olaraq, əlbəttə ki, bakalavr proqramları.
Azərbaycandan olan tələbələri ikili – bizim və Qərb universitetlərindən birinin diplomunu verən ingilis dilli proqramlara yönəldirdim. Bu, həmin ölkəyə getmədən təhsili burada almaq üçün fürsətdir.
Bir də bir vaxtlar olduğu kimi, aspirantlarınızı da qəbul etmək istərdik. Qəbul etmək, yaxşıca yerləşdirmək və yaxşı, keyfiyyətli PHD işlərini hazırlamaq üçün maddi və digər imkanlarımız var. Hətta deyərdim ki, sizə ikili proqramlar təklif edə bilərik. Məsələn, tələbə sizdə və sonra bizdə təhsil alır. Yəni iki il Azərbaycanda təhsil almış tələbə üçüncü və dördüncü kursu Ukraynada tamamlayır. Belədə o, eyni vaxtda iki diplom – həm sizin, həm də bizim diplomu ala bilir.
Azərbaycanın resurs və intellektual təminatlı olub ən sürətlə böyüyən ölkələrdən biri olduğnu başa düşürük. Bunlar ciddi resurslar, ciddi aktivlərdir və bu baxımdan sizdən öyrənəcəyimiz çox şey var. Bəlkə də sizin də bizdən öyrənəcəyiniz şeylər var. Sırf iqtisadi nöqteyi-nəzərdən mübadilə miqyasının olması, Ukraynanı bilən, həm də diplomu olan mütəxəssislərin olması vacibdir. Onlar biznesə girişəcəklər, ikitərəfli münasibətlərə başlayacaqlar. Artıq uyğunlaşmağa ehtiyacları olmayacaq: dili bilirlər, deməli, dil problemi yoxdur, ixtisaslarını təsdiqləyən diplomları da var. Güman ki, onlar böyük biznes layihələrinin səbəbkarları olacaqlar. Sonra da top-menecer olacaqlar.
- Universitetinizdə neçə azərbaycanlı tələbə təhsil alır? Onların sayı ildən-ilə artır, yoxsa azalır?
- Bizdə çox sayda azərbaycanlı tələbənin təhsil aldığını deyə bilmərəm. Hazırda onların sayı altıdır. Amma son illərdə 100 Azərbaycan vətəndaşı balalavr və magistr pillələrini uğurla başa vuraraq diplomlarımızı alıb. Trendin artan olmasını istərdim. Bunun üçün imkanlarımız, hər şeyimiz var. Yeri gəlmişkən, tələbələriniz bizim mühitə çox yaxşı uyğunlaşırlar. Bir də ki, kəmiyyət dalınca qaçmaq lazım deyil deyə düşünürəm. Bir daha deyim ki, təkcə tələbələrin deyil, aspirant və doktorantların da bizdə təhsil almalarını istərdim. Yaşlı həmkarları burada olarlarsa, tələbələr üçün də daha asan olacaq. Bundan əlavə, müəllimlərin akademik mübadiləsi də çox vacibdir. Bu səbəbdən təkcə tələbə sayı deyil, müəllimlər arasında akademik mübadilə sayı da artmalıdır. Məmnuniyyətlə mühazirələrinizi dinləyirik, siz də mühazirələrimizi dinləməkdən məmnun olursunuz. Hamımız eyni problemlərlə yaşayan qlobal dünyada yaşayırıq.
- Ukrayna universitetləri azərbaycanlı tələbələrə burada təhsil almağa gəlməyə meyl etmələri üçün unikal nə təklif edə bilər?
- Artıq ikili və ya ümumi diplom almanın təşkilati unikallığı, imkanları barədə danışmışam.
- Təhsilin özəlliklərini nəzərdə tuturdum.
- Təhsilə görə çoxdandır aparıcı iqtisadi universitet olmuşuq. Fənləri tam müasir səviyyədə keçirik, o cümlədən də ingilis dilində. Professorlarımız həm ölkədə, həm də Avropada hörmətlidirlər. Bizdə çox sayda nüfuzlu ambisiyalı insan var.
Kiçik nüans – bizdə professorlar çox gəncdirlər. Professorlarımız, bir qayda olaraq, hansısa xarici universiteti və ya proqramı bitirən 40-50 yaşlı şəxslərdir, başqa sözlə, onlar müasir səviyyədə işləyirlər. Məsələn, proqramlarımız Böyük Britaniya tərəfindən tanınır. Tələbə üç il bizdə təhsil aldıqdan sonra bir illiyə oraya gedir, bu üç il artıq oxumuş hesab olunur və bir il ərzində ona diplom verirlər. Yəni onlar burada tədris olunan təhsil səviyyəsini, fənlərin səviyyəsini tam tanıyırlar.
İndi pandemiya dövründə hamı onlayn təhsilə keçib, bax biz buna hazır idik. Bizdə çoxdan distant təhsil sistemi var. Artıq on ildir. Bütün müəllimlər vaxtaşırı təlim alır, yeni proqramlar və texnika ilə tanış olurlar. Distant rejimdə də keyfiyyətli təhsil verə bilərik. Hamı məhsulları normal mənimsəyir və kifayət qədər keyfiyyətli işləyir. Distantlaşmağa hazırıq.
Yeri gəlmişkən, çox yaxşı idman bazamız, tələbələrin hər an pulsuz istifadə edə biləcəyi əla üzgüçülük hovuzumuz var, ən yaxşı futbol stadionlarından birinə, Kiyevdə keyfiyyət baxımından beşincisinə sahibik. Tennis kortlarımız var. Hamısı bu ərazidədir. Mini stadionlarımız var, yəni kimsə idmanla məşğul olursa, harasa getməsinə ehtiyac yoxdur. Çox yaxşı bir mədəniyyət mərkəzimiz də var.
Əlbəttə, bunun öz koloriti var, çünki hər ölkənin görünməz rəqabət üstünlükləri var. Üstəlik, gənc, tələbə başqa ölkəyə gedəndə bu, yalnız diplom almaq, təhsil almaq deyil. Bu, daha sonra həm biznesdə, həm də dövlət idarəçiliyində faydalı olacaq yeni mədəniyyət, yeni münasibətlər, yeni gənclik tanışlıqları, görüşlərdir. Açığı, Kiyev çox maraqlı tarixçəsi olan maraqlı şəhərdir. Burada xeyli maraqlı yer var.
Bir daha vurğulayıram ki, bu, təkcə təhsil deyil... Təhsil əsasdır, amma paralel olaraq mədəni, idman amilləri, sadəcə insan ünsiyyəti də var. Düşünürəm ki, universitetimizi bitirən tələbələriniz buranın nə qədər yaxşı olduğundan danışsaydılar, bu, əlavə rəqabət üstünlüyü olardı. Bizdə hələ əcnəbi tələbələrin, o cümlədən də sizinkilərin burada nəyisə bəyənmədiklərini, nəyinsə çatışmadığını, nələrinsə əskik olduğunu söylədiyi hal yaşanmayıb.
- Hazırda Ukrayna iqtisadiyyatı ciddi keçid dövrünü yaşayır. Həm yeni təkliflər, həm də kadr ehtiyatı baxımından universitetiniz bu prosesdə hansı rolu oynayır?
- Aydın məsələdir ki, brendə, milli statusu olan iqtisadi universitet mahiyyətinə sahib olmaqla biz təkcə indi yox, elə hər zaman biznes elitası, top menecerlər üçün təlim mərkəzlərindən biri olmuşuq. Bu, ənənəvi olub. Başqa sözlə, məsələn, indi Maliyyə Nazirliyinə məzunlarımızın sayının nə qədər olmasıyla bağlı müraciət etsək, onların sayı çox olacaq. Eləcə də İqtisadiyyat Nazirliyində və başqalarında. Biz daim qanunverici proseslərdə iştirak edirik. Universitetimizin bir hissəsi kimi hüquqi institutumuz var ki, burada peşəkarlar qanunverici və normativ aktların hazırlanmasında və ekspertizasında iştirak edirlər.
Çox inkişaf etmiş biznes konsaltinqimiz var. 60-dan çox böyük, ciddi şirkətlə əlaqəmiz var. Bunlar top korporasiyalardır. Onların əksəriyyəti burada ixtisaslaşmış siniflər yaradıblar. “Ernst & Young”, “Price Waterhouse Coopers”. Bunlar qlobal audit şirkətləridir. Onların mütəxəssisləri bizimkilərlə paralel olaraq təlimlər, biznes dərsləri, ustad dərsləri keçirirlər. Yəni bu baxımdan universitetimizin məzunları bir qayda olaraq uğurlu karyera qururlar. Bilmirəm, deməyə dəyərmi, amma universitetimizi bitirən bir neçə milyarder var. Öz işlərini görən kifayət qədər məşhur insanlardır. Ən müasir dövrdən danışırıqsa, bizdə struktur yenilənməsi gedir. Məsələn, prezidentdən başlayaq. O, universitetimizin məzunudur.
- Ciddi deyirsiniz?
- Əlbəttə. Bu, bizim Krivoy Roqdakı institutumuzdur.
- O, buradan məzun olub?
- Bu, Krivoy Roqdakı filialımızdır. Bunlar ümumi proqramlardır. O, orada hüququ bitirib. Atası məşhur professordur. O, professor ailəsindəndir. Diplomunda Kiyev Milli İqtisad Universiteti yazılıb, çünki universitetimizin struktur bölməsidir. Məsələn, Ali Radanın Elm və Təhsil Komitəsinin rəhbəri də bizim məzun Sergey Babakdır. Qərb təhsili olsa da, vaxtilə bizim universitetdə iqtisadiyyat oxuyub. Hamısını saymaq mümkün deyil.
- Ukrayna iqtisadiyyatının gələcəyini qurmaq üçün kifayət qədər kadr ehtiyatınız varmı?
- Düşünürəm ki, var. Bəlkə də burada bir problem var. Onların hamısı əla məzunlardır, yaxşı oxuyurlar, amma buna baxmayaraq, ciddi səviyyədə problemləri həll etmək üçün ən azı bir neçə illik təcrübəyə ehtiyac var. Biznes mühiti pisdirsə, bu müsbət təcrübəni heç yerdə toplamaq olmur, deməli məsələ bizimlə bağlı deyil, başa düşürsünüz də. Məsələ burasındadır ki, onlar ciddi işdə, ciddi strukturlarda sınanmalıdırlar. Yalnız bundan sonra kadr ehtiyatı hesab ediləcəklər. Bu, birmənalıdır. Burada sistem məsələsidir. Bax bununla ciddi şəkildə məşğul olmalıyıq. Biznes mühiti, hüquqi mühit, qanunlar işləməlidir. Ölkə sərmayəçiləri cəlb etməlidir, bu, əlverişli, gəlirli, faydalı olmalıdır və onda məktəbi keçmiş məzunlarımız, gənclərimiz normal olaraq kadr ehtiyatı adlandırıla bilər.
Ancaq əlbəttə ki, məzunlarımızın ölkəmizin uğurlu inkişafı üçün müəyyən kadr ehtiyatını formalaşdırdığını deyə bilərik. Çox dinamik cavanlaşma gedir. Bu, çox yaxşıdır, lakin bir az təcrübəyə ehtiyac var və sonra bu miks, bu vəhdət yaxşı nəticələr verəcək. Məsələn, mən cavanlaşmanın tərəfdarıyam. Bu, mütləqdir.