İyulun 1-dən etibarən Dövlət Turizm Agentliyinin sifarişi ilə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası elmi tədqiqat və arxeoloji qazıntı işlərinə başlayıb.
"Report"un məlumatına görə, yerli əhali tərəfindən Xınalıq dilində “Kıma Liqebiriş" adlandırılan abidədə aparılan arxeoloji işlərin məqsədi YUNESKO Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmiş Xınalıq ərazisində kəndin formalaşması haqqında elmi tədqiqatlar aparmaq, erkən tunc dövründən etibarən Böyük Qafqaz dağlarında dağ yolları ilə əhalinin miqrasiya istiqamətləri barədə ilkin elmi mülahizələri elmi təcrübədən keçirmək, orta müddətli perspektivdə ərazidə arxeoturizmin və mədəni turizmin inkişaf etdirilməsidir.
Elmi-tədqiqat və arxeoloji qazıntı işlərinə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Elmi arxiv şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru İdris Əliyev rəhbərlik edir.
Təqribən 3 hektardan çox ərazini əhatə edən “Kıma Liqebiriş” qədim qəbiristanlığı Xınalıqdan 2 kilometr cənub-şərqdə, Qudyalçay çayının sağ sahilində, dəniz səviyyəsindən 1968 metr yüksəklikdə yerləşir. Məhz yüksəklikdə, kənd əhalisinin onilliklər ərzində örüş ərazisi kimi istifadə etdiyi yerdə yerləşdiyi üçün bu arxeoloji abidə çox yaxşı vəziyyətdə qorunub saxlanmışdır.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə mərkəzinin İdarə Heyətinin mədəni irs üzrə müşaviri Elşən Mustafayevin sözlərinə görə, abidə əvvəllər arxeoloqlar tərəfindən qeydiyyata alınmayıb: “Buna görə də bu abidənin tədqiq olunması Xınalıq ərazisinin mədəni irsinin öyrənilməsi, həm də ərazidə gələcəkdə arxeoturizmin inkişaf etdirilməsinə töhfə verəcək. Xınalıqda yaşayan və dünyada yeganə burada danışılan Xınalıq dilinin daşıyıcıları olan etnik Xınalıq xalqının tarixinin, digər bölgələr ilə əlaqəsinin öyrənilməsi üçün bu elmi və arxeoloji tədqiqatlar çox böyük əhəmiyyət kəsb edir. Abidədə aparılmış tədqiqat işləri nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir”.
Abidənin şimalında istehkamlar, cənubunda daş qutu qəbirlər aşkar olunub. Geniş xronoloji dövrü – e.ə. VII-V əsrləri əhatə edən kompleksdə 40-a yaxın qəbir abidəsi araşdırılıb. Bütün qəbirlərin divarları çay daşından hörülüb, qəbirlərin üzəri isə iri sal daş lövhələrlə örtülüb. Arxeoloq, ekspedisiya rəhbəri İdris Əliyev bildirir ki, dəfn olunanlar arxası üstə, iki istiqamətdə (şərq-qərb) basdırılıblar, onların yanına ayin zamanı istifadə olunmuş kiçik ölçülü saxsı qablar, silahlar, müxtəlif bəzək əşyaları (tunc bilərziklər, muncuqlar, sırğalar, müxtəlif keramika qabları və s.) qoyulub. 2020-ci ildə aparılmış elmi tədqiqatlar nəticəsində nekropoldakı qəbirlərdən birindən üzərində Gorgon-meduza təsviri olan bürünc bir faler tapılıb. Bundan əlavə, bir ədəd bürüncdən kəmər dəstinin bir hissəsi, umbon və uzun Roma tipli pelta (nizə) ucluğu aşkar edilib.
Bu maddi-mədəniyyət nümunələri Azərbaycanda romalıların ekspansiyasına (Azərbaycan sərhədlərinə doğru irəliləməsi) dəlalət edir. Həmin Roma imperiyasına xas olan əşyalar müxtəlif döyüşlərdə qənimət kimi əldən-ələ keçə və ya ticarət münasibətləri nəticəsində əldə edilmiş ola bilər. Azərbaycan ərazisində Roma imperiyasına aid maddi-mədəniyyət nümunələri və tarixi faktlar bir sıra yerlərdə (Qobustan, Qəbələ və s.) tapılmışdır. Bu, Qafqaz Albaniyasının Roma imperiyası ilə sıx maddi-mədəni və ticarət münasibətləri saxladığına aid tarixi faktlara daha bir sübut kimi göstərilə bilər.
“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılmış elmi-tədqiqat işləri nəticəsində aşkar edilmiş qəbir abidələri, dəfnetmə adətlərinin xüsusiyyətləri, dini ayinlərdən sonra dəfnetmə prosesindən sonra qəbirlərə qoyulmuş əşyaların tipologiyası və xarakteristikası Xınalıq kimi Qafqazın yüksək dağlıq ərazisində yaşayan əhalinin ta erkən tunc dövründən etibarən Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən digər yaşayış məntəqələri ilə (Qəbələ, Şəki, Dağlıq Şirvan və s.) sıx mədəni və sosial-siyasi münasibətlər içərisində olduğunu göstərir. Belə ki, tapılan əşyalar, onların forması, hazırlandığı material tərkibi və təyinatları onu deməyə əsas verir ki, ən azı tunc dövründən etibarən Azərbaycanın qədim sakinləri dar dağ yollarından istifadə etməklə indiki İsmayıllı, Qəbələ və Şamaxı rayonlarını da əhatə edən Qafqazın cənub yamaclarından hərəkət etməklə indiki Quba-Qusar ərazisində dağlıq bölgə ilə eyni bir ortaq mədəniyyətin tərkib hissəsi olublar.
Aparılmış tədqiqat işləri göstərmişdir ki, Salavat aşırımından, Babadağ istiqamətindən keçməklə Qafqaz dağlarının hündür hissəsində yerləşən kəndlər bu dağ yollarından orta əsrlərdə çox aktiv şəkildə istifadə etmişdir. Hazırda Qafqaz dağlarından keçən həmin yollar qışlaq-yaylaq maldarlığı ilə məşğul olan Azərbaycan əhalisi üçün işlək vəziyyətdədir. Arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş ilkin sübutlar göstərir ki, Xınalıq kəndi erkən tunc dövründən başlamaqla dağ yollarının kəsişməsində yerləşdiyinə görə, bir sıra mədəniyyətlərin qovuşduğu bölgə olub. Dağıstanın cənubundan gələn, Şahdağ və Bazardüzü zirvələri arasındakı aşırımdan və Xınalıqdan keçməklə Qəbələ istiqamətində, həmçinin Xınalıq-Haput-İsmayıllı istiqamətində gedən dağ yollarının erkən tunc dövründən etibarən sıx istifadə edildiyi barədə ilkin elmi dəlillər əldə edilib.
Xınalıq ərazisində tapılmış maddi-mədəniyyət nümunələri, dəfnetmə adətləri və ayinlər zamanı istifadə edilmiş əşyalar ilə Qafqaz Albaniyasının digər yaşayış məntəqələrində (Qəbələ, Mollaisaqlı, Mingəçevir və s.) tapılmış nümunələr eynilik təşkil edir. Buna görə də Xınalıq kəndində yerləşən, erkən tunc dövründən bizim eranın VII əsrinə qədər olan dövrdə müxtəlif mədəni təbəqələri olan abidələrin tədqiq edilməsi Qafqaz Albaniyası tarixinin də tədqiq edilməsi üçün vacib əhəmiyyət kəsb edir. Məsələn, tədqiqatlar nəticəsində bu hal-hazırda tədqiq edilən abidədə Sasani dövrünə aid, II Xosrovun adına kəsilmiş sikkələr tapılıb.
“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu ərazisində arxeoloji qazıntılar və elmi-tədqiqat işləri davam etdirilir.