Yaponiyanın Azərbaycandakı Səfirliyi hər il olduğu kimi, bu il də Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna başlayıb.
Səfirlikdən "Report"a verilən məlumata görə, bu proqram Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi tam təqaüd proqramı olaraq təhsil haqqından azad olma, Yaponiyaya gediş və dönüş biletləri və aylıq təqaüd nəzərdə tutur.
Hazırda 3 təhsil proqramı üzrə sənəd qəbulu mayın 31-dək davam edəcək. Bütün proqramların məzmunu, müraciətçiyə olan şərtlər, seçim prosedurları, müraciət üçün lazım olan sənədlər haqqında ətraflı məlumat üçün aşağıdakı linklərə daxil olmaqla əldə etmək mümkündür:
“Elmi-tədqiqat” üzrə təqaüd proqramı ilk öncə 2 illik tədqiqatçı tələbə kimi qeyri-dərəcə proqramından başlayaraq, daha sonra müvafiq olaraq magistratura və ya doktorantura pilləsinədək irəliləyən minimum 2 illik təhsil proqramı olub, universitetin bakalavr pilləsini bu il bitirəcək şəxslərdən başlayaraq 35 yaşadək şəxslərin müraciəti üçün açıqdır.
Bakalavr proqramı 1 illik hazırlıq və 4 illik bakalavr pilləsi təhsili olmaqla cəmi 5 illik proqram olaraq, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərin müraciəti üçün nəzərdə tutulmuşdur. Texnologiya kollecində təhsil proqramı 1 illik hazırlıq və 3 illik ixtisas təhsili daxil toplam 4 illik təhsil proqramını əhatə edərək, orta məktəbi bu il bitirəcək şəxslərdən başlayaraq 25 yaşadək şəxslərə şamil olunan təhsil proqramıdır.