Son günlərdə sosial şəbəkələrdə, təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb. Təhsil Nazirliyi isə yeni tədris ilinin başlanması ilə bağlı vəziyyətin təhlil olunduğunu, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələrinin araşdırıldığını və buna uyğun olaraq fəaliyyət istiqamətlərinin müəyyən ediləcəyini bildirib. Bəs ekspertlər bu barədə nə düşünür? Mövcud vəziyyətdə ənənəvi tədrisi bərpa etmək mümkündürmü?
Təhsil eksperti Kamran Əsədov "Report"a açıqlamasında məktəblərin koronavirus mənbəyi olmadığını və ənənəvi tədrisin bərpasını təklif edib: “Biz pandemiya dövründə müxtəlif platformalarda onlayn formada tədrisi bərpa etməyə çalışdıq, amma birmənalı şəkildə keyfiyyətə nail ola bilmədik. Çünki heç də hər şagird və tələbənin onlayn dərslərə qoşulmaq üçün telefonu, planşeti, kompüteri yoxdur. Bundan əlavə, biz hər fənni məsafədən keyfiyyətli şəkildə edə bilmərik. Buna fizika, kimya və biologiya kimi texniki və təbiət fənləri aiddir. İnsanların heç biri məktəblərdə koronavirusa yoluxmur, proses məktəbəqədər olan dövrdə baş verir. Əgər biz təhsilin keyfiyyətli olmasını, gələcək nəsillərin bilik və bacarıqlarının tələb edilən səviyyədə olmasını istəyiriksə, ənənəvi tədrisi bərpa etməliyik”.
O, təhsil müəssisələrində yoluxma sayının minimuma endirilməsi üçün atılacaq addımlardan da danışıb: “Əgər biz virusa yoluxmanın azalmasını istəyiriksə, məktəbləri və universitetləri açmalıyıq ki, insanlar hardasa yoxlanılsınlar. Çünki indi heç kim yoxlanılmır, insanlar parklarda, əyləncə mərkəzlərində, dəniz kənarında rahatlıqla gəzə bilirlər və onları heç kim yoxlamır. Biz o insanları hansısa məkanda yoxlamaya cəlb etməliyik. Bu məkan isə birmənalı şəkildə təhsil müəssisələri olmalıdır. Bütün bunları nəzərə alaraq düşünürəm ki, ənənəvi formada tədris bərpa olunmalıdır”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev isə "Report"a açıqlamasında tədrisin ənənəvi olacağı təqdirdə yoluxma riskini azaltmağın yollarından danışıb: “Bu gün Azərbaycanda peyvəndləmə faizinə nəzər saldıqda və “Delta” ştamının yayılmasına diqqət yetirsək, bunu demək mütləq olaraq vacibdir ki, təhsilin ənənəvi formada bərpası koronavirusa yoluxma statistikasında ciddi fərq yaradacaq. İnsanlar bilməlidir ki, bu, tədris başlayan kimi özünü göstərmir. Yoluxma faktı bir neçə həftə sonra özünü büruzə verir".
Azərbaycanlı alim deyib ki, məktəblərdə və universitetlərdə fərqli starategiyalar müəyyən edilməlidir: "Məsələn, universitetlərdə peyvəndləməyə yaşı düşən insanları sürətli şəkildə effektiv peyvəndlərlə vaksinasiya cəlb etmək lazımdır. Məktəblərdə isə xüsusi üsullarla məktəbliləri test etməklə yoluxma riskinin olub-olmaması yoxlanılmalıdır. Artıq bu cür yoxlanılmalar aparıldıqdan sonra müəyyən tədbirlər görülməlidir”.
Əfraflı videosüjetdə: