"Pandemiya şəraitində çətinliklərə baxmayaraq "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi keçirildi".
"Report" xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, fevral ayının ortasında yarımfinal mərhələsinə 309 nəfər vəsiqə qazanıb:
"Yarımfinal öncəsi xarici mütəxəssislərin iştirakı ilə 3 günlük təlimlər keçirildi. Bu təlimlərdə iştirakçılar yarımfinal mərhələsində olacaq tapşırıqların istiqaməti barədə məlumatlandırıldılar. Müsabiqə ilə bağlı əvvəlcədən elan edilmişdi ki, finala 100 nəfər keçəcək. Amma imtahandan sonra 21 nəfər eyni nəticəni göstərdiyi üçün münsiflərin qərarı ilə 112 nəfər finala keçib. İyulun 10-11 tarixlərində müsabiqənin final mərhələsi keçiriləcək".
"Müsabiqənin Işçi Qrupu yarımfinal və final mərhələsinin hazırlığı məqsədi ilə iyunun 24-27 tarixlərində peşəkar ekspert heyətinin iştirakı ilə təlimlər təşkil edilib. Finalda iştirakçıların 9 səriştəsi ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzrə aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb", - o əlavə edib.