“Yüksəliş” müsabiqəsinin qalibləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşa şəhərinə səfər ediblər.
"Report" xəbər verir ki, müsabiqənin qalibləri Şuşaya çəkilən “Zəfər yolu” boyunca səfər zamanı Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazanmış müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlarımızda aparılan abadlıq və quruculuq işləri ilə tanış olublar.
Onlar səfər çərçivəsində Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər olan, professional vokal məktəbinin qurucusu sayılan Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyində olublar. Hər iki tarixi mədəniyyət ocağında təmir-bərpa və yenidənqurma işləri aparıldıqdan sonra avqustun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib.
Səfər iştirakçıları daha sonra Şuşanın tarixi tikililərindən olan və erməni işğalı dövründə dağıntılara məruz qalan Mehmandarovların malikanə kompleksinə baş çəkərək təmir-bərpa işləri ilə tanış olublar. Eyni zamanda, səfər nümayəndələri əsrarəngiz mənzərəsi ilə dünyanın məşhur təbiət ərazilərindən sayılan Cıdır düzündə gəzinti ediblər.
Sonda səfər çərçivəsində Şuşa qalasına və Heydər Əliyev Fondu tərəfindən təşkil olunan üç sərgiyə baxış olub.
Səfərdə “Yüksəliş” müsabiqəsinin 27 qalibindən 20 nəfəri iştirak edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.