“Yüksəliş” müsabiqəsinin təşkilat komitəsinin iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı konsepsiyanın müəyyənləşdirilməsi, tərəfdaşlar, imtahanların modeli, ümumi qaydalar, mexanizmlər müzakirə olunub.
Habelə, Mentorluq Proqramının gedişatı barədə məlumat verilib və qeydiyyatla bağlı proseduralar yenidən nəzərə çatdırılıb.
Son olaraq Yüksəliş müsabiqəsi qaliblərinin təsis etdiyi Yüksəliş Klubu barədə ətraflı məlumat komitə üzvlərinə təqdim olunub.
Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva ikinci müsabiqənin keçirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin sərəncamını müsabiqəyə böyük etimad kimi qiymətləndirib və ölkə başçısına təşəkkürünü bildirib. Təşkilat Komitəsinin üzvləri ilk müsabiqəninin nəticələrinin uğurlu olması ilə bağlı rəylərini bildiriblər və təqdim edilən plana fikir və tövsiyələrini irəli sürüblər.
Qeyd edək ki, müsabiqənin təşkilat komitəsi heyətinin tərkibinə Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Gənclər və İdman naziri Farid Qayıbov, Xarici İşlər naziri Ceyhun Bayramov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Millət Vəkili Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru və “Yüksəliş” müsabiqəsi işçi qrupunun rəhbəri, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev daxildirlər.